ABŞ-ın seçilmiş prezidenti Donald Tramp ötən həftə Kanada baş naziri Castin Trüdo ilə görüş zamanı onu narkotik qaçaqmalçılığı və qeyri-qanuni miqrasiya problemlərini həll etmədiyi təqdirdə, Kanadanın 51-ci Amerika ştatına çevrilə biləcəyi ilə hədələyib. Bu barədə Fox News mənbələrə istinadən xəbər verib.
Telekanalın mənbələrinin bildirdiyinə görə, Floridadakı Mar-a-Laqo iqamətgahında baş tutan görüş zamanı Donald Tramp Castin Trüdoya bildirib ki, artıq öz inauqurasiya günü, yəni 2025-ci il yanvarın 20-də, Kanadadan gələn bütün mallara 25 faizlik idxal rüsumu tətbiq etməyi planlaşdırır. Bu addım Ottavanın Kanada sərhədi vasitəsilə qeyri-qanuni miqrasiyanı kəskin şəkildə azaltmadığı və hazırda təxminən 100 milyard dollar olan ticarət kəsirini aradan qaldırmadığı halda atılacaq.
Trüdo isə qarşılığında gələcək ABŞ liderinə bildirib ki, bu cür tədbirlər Kanada iqtisadiyyatını məhv edə bilər. Buna cavab olaraq Tramp ehtimal edib ki, Kanada 51-ci ABŞ ştatı ola bilər, Trüdo isə həmin ştatın qubernatoru. Fox Newsun məlumatına görə, Kanada baş naziri bu ifadəyə "əsəbi gülüşlə” reaksiya verib.
Görüşdə iştirak edən şəxslərdən biri zarafatla bildirib ki, bu ssenariyə əsasən, Kanada çox liberal bir ştat ola bilər. Bunun üzərinə Tramp ölkəni iki ştata bölməyi təklif edib: biri liberal dəyərlərə, digəri isə konservativ dəyərlərə yönəlik olardı.
Noyabrın sonunda Tramp özünün Truth Social platformasında yazıb ki, prezidentliyinin ilk günündə, qeyri-qanuni miqrasiya və narkotik qaçaqmalçılığı ilə mübarizə tədbiri olaraq, Meksika və Kanadadan idxal olunan bütün mallara 25 faizlik tariflər tətbiq edəcək.
"Hamı bilir ki, minlərlə insan Meksika və Kanadadan [ABŞ-a] keçir və bu, cinayətkarlıq və narkotik ticarətinin görünməmiş səviyyələrə çatmasına səbəb olur. Yanvarın 20-də ilk sərəncamlarımdan biri olaraq, ABŞ-a göndərilən bütün mallardan Meksika və Kanadaya 25% tarif tətbiq etmək üçün bütün lazımi sənədləri imzalayacağam," – o bildirib.
Seçilmiş ABŞ liderinin sözlərinə görə, hər iki ölkənin bu problemi həll etmək üçün bütün imkanları var.
Bundan əlavə, Tramp narkotik ticarəti probleminin həll olunmadığı təqdirdə, Çindən gətirilən mallara 10% ixrac rüsumu əlavə etməyi planlaşdırdığını açıqlayıb. O qeyd edib ki, Çin hakimiyyəti narkotik ticarəti ilə mübarizə aparmağa söz versə də, hələlik vədlərini yerinə yetirməyib.
www.anews.az