Tural Abbaslı: “Müvafiq dövlət qurumları bu iddiaları ciddi araşdırmalı, ölçü götürməlidir”
Azərbaycan Milli QHT Forumu İctimai şuraların formalaşdırılmasında pozuntulara və üzvlükdən sui-istifadə hallarına dair bəyanat yayıb. Forumdan bildirilib ki, Azərbaycan Milli QHT Forumu bir sıra dövlət qurumları, xüsusilə yerli icra hakimiyyəti orqanları yanında İctimai şuraların formalaşdırılmasında kobud pozuntu hallarını müşahidə edir:
"Bəzi hallarda yerlərdə bir sıra qurumlar seçkili təsisat olan İctimai şuralara təyinat əsasında tərkib formalaşdırır, hətta buna dair daxili sərəncamlar imzalayır". Azərbaycan Milli QHT Forumu bu cür halların Azərbaycan Respublikasının “İctimai iştirakçılıq haqqında” Qanununa zidd olduğunu bəyan edib: “Apardığımız təhlillər göstərir ki, hazırda mərkəzi icra hakimiyyəti qurumları üzrə mövcud İctimai şuraların təxminən 25 faizi eyni şəxslərdən ibarətdir. Azərbaycan əleyhinə iş aparan bir sıra xarici donorların, Qərb səfirliklərinin təsiri altında olan şəxslərin dövlət qurumları yanında İctimai şuralara müxtəlif üsullarla düşməsi, bu statusdan sui-istifadə etməsi, mandatlarından kənar fəaliyyət halları, özlərini “qrant vasitəçiləri” kimi apararaq məlumatlar toplaması barədə siqnallar narahatlıq doğurur. Bəzi Qərb səfirliklərinin Azərbaycanda İctimai şuralarda təmsil olunan QHT-ləri ələ almağa çalışaraq, onlara özlərinin balansında olan nəqliyyat vasitələrini bağışlamaq istəkləri barədə də məlumatlar var". Azərbaycan Milli QHT Forumu hesab edir ki, İctimai şuraların “İctimai iştirakçılıq haqqında” Qanunun tələblərinə uyğun fəaliyyəti təmin olunmalı, İctimai şuralar yalnız ictimai maraqlara xidmət etməli, ictimai nəzarəti təmin etməli, bu şuraların tərkibinin formalaşmasında və fəaliyyətində sui-istifadə halları aradan qaldırılmalıdır.
AĞ Partiya sədri Tural Abbaslı "Sherg.az"a deyib ki, ümumiyyətlə, dövlət qurumları yanında İctimai şuraların funksiyalarının nədən ibarət olması ilə bağlı heç şuraların özünün anlayışı yoxdur. Partiya rəhbəri vurğulayıb ki, İctimai şuraların məqsədi və mahiyyəti ictimaiyyətin maraqlarının həmin dövlət qurumunda təmin olunmasına vasitəçilik etməkdir:
"İctimai şuralar ictimaiyyətin mövqeyini, fikirlərini, hiss və həyəcanlarını, tələb və təkliflərini dövlət qurumu nəzdində müdafiə edən, insanların sözünü deyən, mövqeyini qoruyan qurum olmalıdır. Yəni dövlət qurumu ilə ictimaiyyətin əlaqələrini formalaşdırmalı və ictimaiyyətin yanında yer almalıdır. Amma əsfuslar ki, bunun əksini görürük. Dövlət qurumlarının rəhbərləri adətən dəvətləri özləri göndərirlər və guya seçki ilə müəyyənləşir və sədr seçirlər. İctimai şuralara elə adamları cəlb edirlər ki, fəaliyyət Şuranın mahiyyətindən kənar olsun. Hazırki İctimai şuraların əsas işi hansısa dövlət qurumunu ictimai qınaqdan müdafiə etməkdən ibarətdir. Halbuki İctimai şuraların işi həmin dövlət qurumunda ictimaiyyətin mövqeyini qorumaqdır. O baxımdan biz İctimai şuralara ciddi yanaşmırıq. Çünki effektiv fəaliyyətləri yoxdur və cəmiyyətdə etibarları da yoxdur. Hər halda Milli QHT Forumunun diqqət çəkdiyi məsələlər də önəmlidir. Düzdür, bununla bağlı hansısa məlumata sahib deyiləm. Amma istənilən halda müvafiq dövlət qurumları bu iddiaları ciddi araşdırmalı, ölçü götürməlidir. Belə məsələlərdə diqqətli olmaq lazımdır".