AZ

Gürcüstanda hərbi çevriliştəhlükəsi... - Yaxın günlərdə ŞOK HADİSƏLƏR ola bilər

Tiflisdə “Rusiya ilə dostluq edək, yoxsa Qərb yolunu tutaq” dilemmasının səbəbi Abxaziya və Cənubi Osetiya problemidir; ekspert: “Bu hadisələr bir daha göstərir ki, Prezident Əliyevin başladığı ideoloji daxili və xarici siyasət bizi hansı bəlalardan qurtardı”

Gürcüstan növbəti dəfə ağır dönəmdən keçir və hakimiyyəti devirmək üçün ssenari işə salınıb. İqtidarda olan “Gürcü Arzusu” isə Qərbin yanlış siyasətinin boyunduruğundan qurtarmaq istəyir. Lakin Qərbin maliyyələşdirdiyi QHT-lərdən ibarət fəal dəstələr qanuni hakimiyyəti güc yolu ilə yıxmağa çalışır. 

Düzdür, xalq bu prosesə aktiv şəkildə qoşulmur, ancaq meydanlara tökülənlər də az deyil. “Yeni Müsavat” nəzərə çatdırır ki, dekabrın 3-də Gürcüstanın Konstitusiya Məhkəməsi müxalifətin parlament seçkisinin nəticələrinin ləğvi ilə bağlı iddia ərizəsini qəbul etməyib. Bu ölkədə parlament seçkisi oktyabrın 26-da keçirilib, ciddi saxtakarlıq faktları aşkarlanmayıb, müxalifət ortaya sübutlar qoya bilmir, amma seçkilərin saxtalaşdırılması iddiasından da yararlanmağa çalışırdı. Buna dair son qərar verilsə də, xaotik proseslərin dayanacağı inandırıcı deyil. Əsas diqqət isə ona yönəlib ki, bu prosesdə ordu hansı mövqeyi tutacaq. Bəllidir ki, bəzi hərbçilərin Gürcüstan müxalifətinə dəstək verdiyi haqda informasiyalar var. 

Habelə, diplomatların da bəziləri müxalifətə qoşulub. Qərbin adamı olan prezident Salome Zurabişvili də təbii ki, müxalifətçilərlədir. Hazırda Gürcüstan iqtidarının müstəqil qərarlarına artıq Qərb, Avropa istiqamətindən diplomatik təzyiqlər də gəlməyə başlayıb. Baltikyanı ölkələrin fəallığı bu kontekstdə daha çox diqqət çəkir. Litva hətta Gürcüstan prezidentinə sığınacaq verməyə hazır olduğunu da bəyan edib. Bunu Litva prezidenti Gitanas Nausedanın baş məsləhətçisi deyib. Xatırladaq ki, dekabrın 14-də Gürcüstana yeni prezident seçiləcək. Bundan sonra Zurabişvili ölkədən qaça da bilər. Bu arada Gürcüstanın Xarici İşlər Nazirliyi (XİN) Latviya, Litva və Estoniyadakı səfirlərini geri çağırıb. Bütün bunların yekununda Gürcüstanda qarşıdakı günlərdə vəziyyət necə ola bilər? Seçki ərəfəsində proseslər normal məcraya düşəcək, yoxsa daha da gərginləşəcək? 

Qeyd edək ki, Tiflisdəki etiraz aksiyalarında Daxili İşlər Nazirliyinin 143 əməkdaşı xəsarət alıb. Bunu Gürcüstan Daxili İşlər Nazirliyinin müavinı Aleksandr Darahvelidze brifinqdə bildirib. “Nazirlik hər bir polis əməkdaşının həyatının qorunması üçün bütün tədbirləri görür. Pirotexnikanın istifadəsi xüsusilə təhlükəlidir, çünki bu, çox ağır xəsarətlərə səbəb olur”, - Darahvelidze deyib. O, etirazçılara zorakı hərəkətləri dayandırmağa və qanunu pozmamağa çağırıb. Etiraz aksiyalarında saxlanılanların 30 faizi isə xarici vətəndaşlardır. "Gürcü Arzusu" Partiyasının icraçı katibi Mamuka Mdinaradze belə deyib. M.Mdinaradze qeyd edib ki, saxlanılanlar arasında Rusiya, ABŞ, Böyük Britaniya və Niderland vətəndaşları var. Gürcüstandakı siyasi gərginlik və cəmiyyətin parlament seçkilərindən sonra iki qütbə parçalanmasının başlıca səbəbi kimi bölgədəki Qərb-Rusiya çəkişməsi göstərilir. Əslində isə gürcü ictimai rəyinə heç də az təsir etməyən daha bir amil var - Tiflisdən ayrı düşən Abxaziya və Cənubi Osetiya. Bu faktor Gürcüstanın daxili siyasi həyatına nüfuz edən ən güclü indikator rolunu qoruyub saxlamaqdadır. “Rusiya ilə dostluq edək, yoxsa Qərb yolunu tutaq” dilemmasının qidalandığı əsas ziddiyyət mənbəyi də məhz bu problemdir.

Zaur

Zaur Məmmədov

Politoloq Zaur Məmmədovun sözlərinə görə, Gürcüstandakı siyasi parçalanma iki düşərgənin ölkənin xarici siyasətinə fərqli baxışları ilə bağlıdır: “Parlament seçkilərindən sonra etirazlar olsa da, müxalifətin tərəfdarları onların istədikləri sayda deyildi.  Lakin bugünlərdə baş nazir Kobaxidzenin "Gürcüstan 2028-ci ilə qədər Aİ-yə üzvlük məsələsini dondurur" bəyanatı əvvəlki mitinqlərdən fərqli olaraq daha çox insanı meydanlara yönəltdi. Maraqlısı budur ki, Kobaxidze Ukraynanın eks-prezidenti Viktor Yanukoviçin 2013-cü ilin noyabrında “Aİ ilə assosiativ sazişə hazırlığın dayandırılması” ilə bağlı bəyanatını demək olar ki, sözbəsöz təkrarladı və bundan sonra insanlar küçələrə axışdı". 

Ekspertə görə, nəticə göz qabağındadı: “Bu gün dünyada ən cəlbedici sayılan Aİ tərzində yaşam gürcülərin arzusudur. Lakin məlumdur ki, Aİ və Qərbin cəlbedici dəyərləri Avrasiyanın ortasında yerləşən qeyri-avropalılar üçün bəzən cənnət deyil, cəhənnəm gətirir. İndi hamının sualı budur - küçədəki insanlar təbii, yoxsa planlaşdırılmış ssenari üzrə iğtişaşlarda iştirak edir? Fakt odur ki, bu etirazların rəngli inqilabın ilkin şərtlərinə bənzəməsi ssenarisini nəzərdən qaçıra bilmərik. Qərb QHT-ləri və siyasi təşkilatları tərəfindən dəstəklənən müxalif qüvvələr əhalinin narazılığından fəal şəkildə istifadə edirlər. Müxalifət Ukraynada olduğu kimi siyasi hakimiyyəti satqınlıqda və Rusiyanın maraqlarına xidmət etməkdə günahlandırır. Hadisələr doğrudan da Ukraynada 10 il əvvəl baş verənləri xatırladır. Kobaxidze öz bəyanatında vurğulayıb ki, Ukrayna "Maydan"ı Gürcüstanda təkrarlana bilməz". 

Z.Məmmədovun fikrincə, Gürcüstan hakimiyyəti yaxın 2- 3 gündə etirazları yatıra bilsə, vəziyyət sabitləşəcək: “Lakin bir fakt göz qabağındadır - ocağın altı yanır və onun alovlanması bu gün olmasa da, bir neçə il sonra baş tuta bilər. Deməli, ocağın özü ilə haqq-hesab aparmaq lazımdır. Bu hadisələr bir daha onu göstərir ki, hələ 2003-cü ildə prezident İlham Əliyevin başladığı ideoloji daxili və xarici siyasət bizi hansı bəlalardan qurtardı”. 

İranın

Məhəmməd Əsədullazadə

Milli Cəbhə Partiyasının başqan müavini Məhəmməd Əsədullazadə hesab edir ki, etiraz aksiyaları Avropa İttifaqı tərəfindən idarə olunur. Onun sözlərinə görə, Gürcüstanda etiraz aksiyaları seçkinin nəticələrinə deyil, hökumətin Avropa İttifaqı ilə danışıqların rəsmən dayandırmasına görə başlayıb: “Gürcüstanda etiraz aksiyaları hökuməti istefaya göndərərsə, prezident yeni aralıq hökumət təsis edib, seçkilərə gedəcək. Gürcüstanda etirazlara ABŞ deyil, Avropa İttifaqı dəstək verir. Gürcüstan hökuməti 20 il oturuşmuş avrointeqrasiya siyasətindən imtina edərək, radikal şəkildə dönüş etməsi Gürcüstanda narazıların küçələrə çıxmasına səbəb oldu. Halbuki seçki günü və ondan sonrakı proseslərdə etirazlar bu qədər kütləvi deyildi, hökumət arxayın olaraq daha da radikal qərarlar qəbul etdi”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat” 

Seçilən
58
22
musavat.com

10Mənbələr