AZ

Nəbatat Bağının təmiri zamanı qanunsuz tikililər sökülüb

Mərkəzi Nəbatat Bağının təmiri zamanı ərazidə yerləşən 30-dan çox avtomobil təmiri boksları, bir neçə ictimai-iaşə obyekti və müxtəlif təyinatlı qanunsuz tikililər sökülüb.

Aktual.az xəbər verir ki, bu barədə bağdakı işlərlə tanış olan media nümayəndələrinə məlumat verilib.

Qeyd olunub ki, bunun nəticəsində Mərkəzi Nəbatat Bağının ərazisi 39 hektardan 45 hektara çatdırılıb.

Məlumata görə, bağda giriş kompleksi yaradılıb, müasir tələblərə, tikinti normalarına cavab verən yeni oranjereyalar, fəvvarə inşa edilib, mövcud oranjereyalar əsaslı təmir edilib. Burada xarici ölkələrdən gətirilmiş xüsusi şəraitdə bəslənən müxtəlif növdə nadir dekorativ ağaclar, kol və güllər əkilib. Bağın ərazisində bitkilərin yetişdirilməsi məqsədilə 3 bloklu istixana, göl kompleksi və baxış meydançası inşa edilib.

Bağın ərazisində dördmərtəbəli yeni inzibati bina inşa edilib, aypara formalı ikimərtəbəli qədim inzibati binada isə əsaslı təmir-bərpa işləri aparılıb. Nəbatat Bağında piyadalar üçün 650 metr uzunluğunda müasir körpü tikilib və lift quraşdırılıb. Bağın ərazisində iki restoran fəaliyyət göstərəcək.

Həmçinin bağda labirint formalı yaşıllıq zonası ilə yanaşı, uşaq-əyləncə meydançası, avtomobillər üçün parklanma yeri də yaradılıb. Köhnə giriş zonası öz tarixi üslubunda təmir edilib.

Yeraltı su anbarları, nasosxanalar və qazanxanalar inşa edilib. Ərazi boyu hasar yenidən qurulub, piyada yolları salınıb, müasir oturacaqlar, işıqlandırma, yanğından mühafizə və videomüşahidə sistemləri quraşdırılıb, ümumi sahəsi 26 hektar olan yaşıllıqların suvarma sistemləri yenilənib.

Məlumat üçün bildirək ki, Azərbaycan florasında mövcud olan bitki növlərinin və genofondunun qorunması məqsədilə 1934-cü ildə yaradılan Mərkəzi Nəbatat Bağı elmi-tədqiqat müəssisəsi olaraq fəaliyyət göstərib.

Seçilən
28
24
ulusum.az

10Mənbələr