"Hazırda dönərxanalarda natəmiz vəziyyət hökm sürür".
Bu sözləri qida məsələləri üzrə ekspert İlkin Şirinov Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, insanların əksəriyyəti sağlamlıqlarına biganə yanaşırlar:
"Axı nə üçün insanlar sağlamlıqlarına zərərli olan dönərlərdən mütəmadi şəkildə istifadə edirlər? Özlərinin və övladlarının sağlamlıqlarına biganə yanaşırlar.
Xüsusilə, məktəblərin qarşılarında fəaliyyət göstərən dönərxanalarda antisanitar vəziyyət baş alıb gedir. Yəni dönərxanaların bir çoxunda ürəkaçan vəziyyət yoxdur".
Ekspert sözlərinə belə davam edib:
"Adətən dönərxanalarda istifadə olunan ət və toyuq məhsullarının hansısa baytar kağızı olmur, nəzarətdən keçmir. Hesab edirəm ki, bunu araşdırmaq lazımdır. Həmçinin, dönərə vurulan mayonezlər və ketçuplar soyuq şəraitdə saxlanılmır, hətta üstü açıq qalır.
Nəticədə, onlara günəş şüası vurur və küləkli havada üzərlərinə toz hissəcikləri tökülür. Yəni açıq havada satılan dönərlər çirklənir. Bundan başqa, dönərdən istifadə olunan ətlər bu gündən sabaha da saxlanılır. Bütün bu faktorlar isə dönərdən zəhərlənmələrə gətirib çıxarır".
İlkin Şirinov vurğulayıb ki, bunlara nəzərət olmalıdır:
"Eyni zamanda, dönərxanalarda işləyən işçilərin sağlamlıq arayışları da tələb olunmalıdır. Çünki hansısa xəstəlik daşıyıcısı olan ustanın əliaçıq, əlcəksiz şəkildə dönər hazırlansı ilə rastlaşırıq. Bəziləri də üzütüklü şəkildə dönər hazırlayırlar. Bəzi dönərxanalarda var ki, içərisində soyuducu və ya əl yumaya yer yoxdur. Amma bütün bunlara baxmayaraq, insanlar həmin yerlərdən rahatlıqla dönər almağa davam edirlər".
Pərviz