ABŞ-da prezident seçkilərindən sonra Rusiya Ukraynaya amerikalılar arasında dəstəyi azaltmaq məqsədilə dezinformasiya yaymağa başlayıb...
Poliqon "Apnews" portalına istinadən xəbər verir ki, Kreml dövlət kütləvi informasiya vasitələrindən, saxta xəbər saytlarından və sosial şəbəkələrdəki hesablarından istifadə edərək, amerikalı cəmiyyətdə fikir ayrılığı yaradan narrativləri təşviq edir.
Məsələn, saxta videolarda "ukraynalı əsgərlər" yeni seçilmiş prezident Donald Trampın manekenini yandırır, "Amerikanı yenidən böyük edək" şüarı yazılmış papaqlı bir manekenə atəş açır, Trampın kitablarını yandırır və onu qorxaq adlandırırlar.
Bu videolar Tramp tərəfdarları və "QAnon" konspirasiya nəzəriyyəsi tərəfdarları arasında geniş yayılıb. Analitiklər bildirir ki, Moskva bu yolla ukraynalıları etibarsız və qeyri-səmimi müttəfiq kimi göstərməyə çalışır:
"Kreml ABŞ-ın Ukraynaya dəstəyini zəiflətmək istəyir, çünki bu dəstək 2022-ci ilin fevralında başlayan işğaldan bəri Ukraynanın ümidlərini gücləndirən əsas hərbi yardım mənbəyidir".
Xatırladaq ki, bir müddət əvvəl Edinburq Universiteti Ukraynadakı müharibə ilə bağlı təbliğat narrativlərini davamlı yaydığına görə tənqid olunan politoloqu təbliğat mövzusunda kursun müəllimi seçib.
Həmçinin, İspaniyada Rusiyanı dəstəkləyən bir şəxs ABŞ və Ukrayna səfirliklərinə, eləcə də hərbi obyektlərə partlayıcı maddə olan məktublar göndərib. Məhkəmənin bəyanatına görə, o, bu üsulla Ukraynaya dəstək məsələsində insanlara təsir göstərmək istəyib.
Poliqon.info