"Türkiyənin "Beşiktaş" klubunda yaşanan istefalar olduqca sensasiyalıdır".
Bu sözləri futbol mütəxəssisi Aslan Kərimov Hit.az-a "Beşiktaş"ın prezidenti, baş məşqçisi, idman direktoru və İdarə Heyətinin məsləhətçisinin istefa verməsindən danışarkən deyib.
O bildirib ki, Türkiyə futbolunda bu cür hadisələr tez-tez baş verir:
"Lakin "Beşiktaş"ın əfsanəsi sayılan Samet Aybabanın "Whatsapp" mesajı ilə işdən azad olunması, komandaya çox zəif futbolçuların transfer edilməsi kimi faktorlar isə biabırçılıqdan başqa bir şey deyil. "Beşiktaş" azarkeşləri və futbol ictimaiyyəti bunlarla bağlı öz narazılıqlarını bildirirlər".
Ekspert "Beşiktaş"la yollarını ayıran Covanni van Bronxost barəsində də danışıb:
"Baş məşqçi Covanni van Bronxost yaxından tanıdığım mütəxəssisdir. Onun savadına heç kimin şübhəsi ola bilməz. İndiyə kimi etdikəri ortadadır. Hətta UEFA tərəfindən dünyada məşqçilərin maariflənməsi üçün keçirilən görüşlərdə də iştirak edir. Yəni belə bir baş məşqçinin savad və təcrübə baxımından "Beşiktaş"da problem yaşaması gözlənilmirdi.
Amma indiyə kimi türk futbolunda bir çox dünyaca məşhur baş məşqçiləri belə qovublar. Yəni Türkiyədə tamam başqa səbəblərə görə məşqçiləri istefaya göndərirlər. Həmçinin, orada klub rəhbərləri tərəfindən baş məşqçilərin işinə çox müdaxilə olunur. "Beşiktaş"da da bu cür hallar yaşandı".
Mütəxəssis hesab edir ki, qardaş ölkədə türk futbolunu yaxşı bilən mütəxəssislərdən başqa məşqçilər çox çətinlik çəkirlər:
"Hətta Joze Mourinyo kimi mütəxəssis belə "Fənərbağça"da çətinliklə üzləşib. Əslində türk futboluna adaptasiya üçün zaman lazımdır. Ancaq türkiyəli azarkeşlərin zamana səbri çatmır. Ona görə də bu mövsüm əldən getdi, "Beşiktaş" artıq çempionluq yarışında olmayacaq".
Pərviz