Dekabrın 1-də vəzifəyə başlayan Avropa diplomatiyasının rəhbəri Kaya Kallas pula qənaət etmək üçün bəzi ölkələrdə Avropa İttifaqının təmsilçiliyinin azaldılması ideyasını rədd edib.
HİT.az xəbər verir ki, onun sözlərinə görə, artıq Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenə müraciət edərək, bu cür müzakirələrin haradan yarandığını izah etməyi istəyib.
"Bunun kimin planı olduğunu bilmirəm, amma mənim planım deyil", deyə Kaya Kallas Avropa Parlamentinin iclasında vurğulayıb.
Kallas bildirib ki, indiki şəraitdə dünyanın az deyil, daha çox Avropaya ehtiyacı var.
"Ursula fon der Leyen Aİ-nin Xarici Əlaqələr üzrə Ali Nümayəndəsi və panelin digər üzvləri ilə daim fikir mübadiləsi aparır", deyə Avropa Komissiyasının nümayəndəsi Paula Pinho bu mövzunun müzakirəsi ilə bağlı jurnalistlərin sualını cavablandırarkən bildirib.
Ümumilikdə Avropa İttifaqının 145 nümayəndəliyi var. Ötən həftə “Politico” qəzeti jurnalistlərin əldə etdiyi sənədə istinadən yazıb ki, diplomatik və texniki işçilərin ixtisarı Afrika, Asiya və Latın Amerikası ölkələrinə (o cümlədən Braziliya) təsir göstərəcək. Bəzi avropalı diplomatlar hesab edir ki, bu, Rusiya və Çinə bu regionlarda öz təsirlərini artırmağa imkan verəcək. Eyni zamanda, Aİ-nin əsas maraqlarının yerləşdiyi ölkələrdə diplomatik mövcudluğun artırılması planlaşdırılır.
Samir