AZ

2024-dən 2025-ə: İlanın sözü nədir? – Astroloqla MÜSAHİBƏ

Hər il öz hekayəsini yazır, bəzən tarixə qızıl hərflərlə, bəzən isə dərin yaralarla. Bu günlərdə 2024-cü ili yola salmağa hazırlaşırıq. Arxada buraxdığımız Əjdaha ili, öz xüsusiyyətləri, izləri və bizi bir daha düşünməyə vadar edən hadisələri ilə yadda qaldı. Qarşıdan gələn 2025-ci il isə bizi yeni ümidlər, dəyişikliklər və imkanlarla qarşılamaq üçün qapını döyür. Çin təqviminə görə, bu, İlan ilidir - müdriklik, yenilənmə və harmoniya simvolu. İlan, qədim mədəniyyətlərdə və astroloji təsvirlərdə həm də həyatın döngülərini və təbiətin dövri dəyişikliklərini təmsil edir.

İlan ilinin sirrini tam anlamaq üçün təcrübəli bir bələdçiyə ehtiyac var. Bu səbəbdən astroloq Sabira Cəfər ilə qarşıdakı İlan ili barədə söhbət etdik. İlan ilinin tarixi döngülərindən tutmuş, fərdi bürclərə olan təsirlərinə qədər bir çox maraqlı mövzuya toxunduq. 2025-ci il nələr vəd edir? Həyatımızda hansı dəyişikliklərə hazır olmalıyıq? Azərbaycan üçün bu ilin mesajı nədir? Bu suallara cavab axtardıq.

- Sabira xanım, 2025-ci il İlan ilidir. Bu il Çin təqvimi baxımından necə xarakterizə olunur?

- Bəli, 2025-ci il Çin təqviminə görə ilan ilidir və yaşıl ilan üzərində təhvil olacaq. İlan astrologiyada və bütün qədim mətnlərdə müdriklik və yenilənmə rəmzidir. Çünki ilan periodik olaraq dərisini dəyişir və eyni zamanda ilanın cızdığı trayektoriya Günəşin dönüş trayektoriyasını simvolizə edir. Bu səbəbdən bütün qədim mətnlərdə ilan xüsusilə önəmli göstərilmiş bir heyvandır. Buna görə 2025-ci il dünya üçün əsasən dəyişim və sanki insanların mənəvi oyanış ili olacaq.
 
- İlan ili tarixən və ya astrologiyada hansı vacib hadisələrlə əlaqələndirilir?

- Ümumiyyətlə İlan ilinin tarixdə yaşandığı dövrlərə baxsaq, bu illər içərisində ən çox diqqətimizi çəkən 1941-ci il və 2001-ci ildir. Bildiyiniz kimi 1941-ci il II Dünya müharibəsi, yəni böyük dünya müharibəsinin ən geniş vüsət aldığı dövrdür. 1941-ci il özəlliklə dünyada önəmli güc çəkişmələrinin yaşandığı, Sovetlər Birliyinin savaşa daxil olduğu ildir. 2001-ci ildə Amerika Birləşmiş Ştatlarında Əkiz Qüllələrdə baş verən terror hücumları da bu ilin xüsusiyyətini ortaya qoyur. Özəlliklə 2001-ci ildə dünya Əkiz Qüllələrdə baş verən böyük terrorla silkələnmişdi. Əsasən bu kimi hadisələri ilanın döngülərində müşahidə edirik.
 
- İlan ili olan insanlar üçün bu il xüsusilə nə vəd edir?

- 2025-ci il İlan bürcü altında doğulanlara əhəmiyyətli dəyişikliklər dövrü olacağını vəd edir. Bu, həyatlarını dəyişdirmək, məqsədlərini və inkişaf istiqamətlərini yenidən düşünmək istəyənlər üçün ideal vaxtdır. Dəri dəyişmək qabiliyyəti ilə tanınan ilan bizə köhnəlmiş ideyaları buraxmağı və perspektivlərimizi yeniləməyi xatırladır.
 
- 2025-ci il astroloji baxımdan dünya üçün hansı əsas dəyişiklikləri və ya tendensiyaları gətirə bilər?

- 2025-ci il astroloji nöqteyi-nəzərdən Mars retrosu ilə başladığımız ildir. Bu, savaşların daha da intensivləşəcəyini, hətta keçmişdə yaşanmış, bitmiş kimi görünən bir çox savaşın yenidən alovlana biləcəyi ehtimalını gücləndirir. Bu, özəlliklə Rusiya üçün xüsusilə əhəmiyyətlidir. Çünki Saturnun Qoç bürcünə keçməsi, belə bir qovuşum 1380-ci ildə yaşanıb və həmin il baş verən Kulikova döyüşü Rusiyanın sonrakı mövcudluğunun üzərində böyük təsir sahibidir. Həmin döyüşdə Rusiya Qızıl Orda dövlətini məğlub etməsi ilə birlikdə gələcək müqəddəratını həll etmiş olub. İkinci belə bir döngü  1703-cü ildə baş verib ki, həmin döngüdə də Rus-İsveç savaşı gedişatında  İsveçdən geri alınan İngrian bölgəsində Sankt-Peterburq şəhərinin əsası qoyulub. Yəni bu ilin istənilən halda Rusiya və bənzər döngülərə əsasən Türkiyə üçün çox önəmli bir il olacağını düşünmək olar. Bundan əlavə 1990-cı illərin əvvəllərində Saturn-Neptun qovuşumu ilə birlikdə SSRİ-nin dağılmasına şahid oluruq. Bu da digər tərəfdən böyük imperiyaların, böyük dövlətlərin içərisində parçalanma riskinin olacağını göstərir.
 
- 2025-ci il hansı bürclər üçün daha uğurlu olacaq? Həyatın hansı sahələrinə diqqət yetirilməlidir?

- Növbəti ilin astroloji yöndən ən şanslı bürcləri Əkizlər və Xərçəng bürcüdür. Bu bürclər daha çox bu il şansı və uğuru test edə biləcəklər. Hər iki bürc bu il şans planeti Yupiterin keçidindən nəsibini alacaq. Həm şəxsi inkişaf, həm də karyera və status nöqteyi-nəzərindən bu il Əkizlər və Xərçəng bürcü üçün uğurlu olacaq.
 
- Azərbaycanda bu ilin xüsusi bir mənası ola bilərmi? Astrologiyanın ölkəmiz üçün verdiyi mesajlar nədir?

- Astroloji yöndən  Azərbaycanın 2030-cu  ilədək zaman lordu Merkuridir. Bu səbəbdən Merkuri bu ildə 12 ildə bir yaşanan döngüyə əsasən  bizim üçün önə çıxan göstəricidir. 2001-ci ilin  xarakterinə baxanda, ölkəmiz üçün seysmik aktivliyi görürük və 2001-ci ildə baş verən seysmik aktivlik yəqin ki, çoxumuzun xatirəsindədir. Bu il seysmik aktivliyə, yeraltı hərəkətliliyə ölkə olaraq diqqət etməmiz gərəkən dövrdəyik.
 
- İnsanlar 2025-ci ildə karyera və maliyyə baxımından nəyi gözləməlidirlər? Hər hansı maliyyə fırtınası və ya fürsət varmı?

- Dünya birjalarının üzərində bilirsiniz ki geopolitik durumların, savaşların və seçimlərin çox böyük bir təsiri olur. Özəlliklə keçən ay Donald Trumpın seçimlərdə qazanması ilə birlikdə birjalarda hərəkətlənmələr yaşandı. Yanvar ayında və önümüzdəki aprel sonunda da eyni şəkildə hərəkətlənmələrin olacağını düşünmək olar. Özəlliklə bu il qlobal karyera dəyişimləri üçün unikal təsirli bir ildir. Bir çox insanda bu kimi dəyişimi müşahidə eləmək olar.
 
- 2025-ci il sevgi və şəxsi münasibətlər üçün necə bir il olacaq?  Hər hansı xüsusi dövrlər varmı ki, münasibətləri möhkəmləndirmək üçün daha uyğun olsun?

- Münasibətlər mənasında xüsusilə bunu qeyd edim ki, fevralın sonundan, hətta 27 fevraldan etibarən Venera  retrosu var və astrologiyada münasibətlərin təmsilçisi olduğundan, aprelin  ortalarına qədər münasibətlərdə xüsusi həssasiyyətin olacağı bir dövrdəyik. Həmin dövrdə nikah, evlilik kimi mərasimlər olmasa, daha yaxşıdır, çünki münasibətlərə cavab verən planetin retrosu zamanı gerçəkləşən evliliklərin daimiliyi və qalacağı bir qədər problem doğura bilər. Aprelin sonu və iyulun  əvvəli münasibətlərdə harmoniya və qalıcılıq əldə etmək üçün uyğun zamanlandır.
 
- Astroloqlar 2025-ci ili fərqli dövr olaraq xarakterizə edirlərmi?  Əgər edirlərsə, bunun səbəbi nədir?

- 2025-ci il istənilən halda fərqli bir ildir. Bu il astroloji olaraq önəmli keçidlər və qovuşumlar ilidir. Bu il gerçəkləşən göy üzü yerləşmələri ilə birlikdə il özəl bir dinamikayla irəliləyəcək və bu da insanlıq, bəşəriyyət üçün xüsusi əhəmiyyət kəsb edən bir il olduğuna bir daha işarə edir. Xüsusilə savaşların alovlanacağı, insan haqlarının daha çox önə çıxacağı zaman olacağını düşünmək olar. Medikal olaraq 2024-cü ilin dekabr ayından 2025-ci ilin fevral ayınadək kosmetoloji, özəlliklə də burun bölgəsinə yönəlik cərrahi müdaxilələri tövsiyə etmirəm. Çünki bu dövrdə edilən əməliyyatlardan oxucularımızın narazı qalma ehtimalı daha yüksəkdir. 

- Oxucularımıza 2025-ci ildə uğurlu və balanslı bir həyat üçün nə tövsiyə edərdiniz?
 
- Retrolarla başlayan bir ildən danışırıq. Bu o deməkdir ki, ilin ilk yarısında, özəlliklə ilkin 4 aylıq mərhələdə həyatımızdakı keçmiş yaşantılarımıza, səhvlərimizə baxıb düzəlişlər etmək zamanıdır. Bu, bir fürsətdir ki, həm münasibətlər, həm də etdiyimiz hərəkətlər mövzusunda özümüzə çəki-düzən verək və həyatımıza bir növ yenilik ab-havası qataq. Xüsusən ilin ilk yarısında tutulmalar olacağından yaxşı olar ki, bu dövrdə karma yaratmayaq, başqalarının haqlarına girməyək və mümkün dərəcədə çalışaq ki, yaxşı əməllərlə həyat yolumuzu gözəlləşdirək. Yeni il hər kəsə uğur gətirsin!

Hər yeni il hər birimiz üçüb yeni hekayə yazır - bəzən sakit bir melodiya, bəzən isə həyatın sərt küləkləri kimi. İlan ili isə qədimlərin müdrikliklə adlandırdığı illərdən biridir - dərisini dəyişərək yenilənən, hər gedişi ilə həyatın əbədi döngüsünü xatırladan bir il. Qarşımızda qapılarını döyən 2025-ci il də belə bir il olacaq.

Bu il bizə deyir ki, keçmişin tozlu səhifələrinə bax, amma ora ilişmə. Çünki həyat dərisinin dəyişməsi üçün cəsarət tələb edir. O cəsarəti tap ki, köhnə adətlərdən, yanlış niyyətlərdən azad olasan. Ümidlərin günəş işığı ilə işıqlansın, həyatın yeni başlanğıclarla zənginləşsin.

Gələn il gözəl niyyətlər, saf arzular və qəlbən inandığımız xəyallarla başlasın. Hər bir çətinlikdə müdriklik, hər bir xoşbəxtlikdə isə minnətdarlıq tapmağı unutmayaq. Yolumuz sevgi,  ümid və harmoniya ilə işıqlansın. Yeni il sizə həyatınızın ən gözəl səhifəsini yazmaq üçün ilham gətirsin!

2025-in hər anı hər birimizə sevinc və uğur, həyatımıza gözəl dəyişikliklər və möhtəşəm fürsətlər gətirsin!

Qiymət Mahir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
61
olaylar.az

1Mənbələr