Ceyhun Məmmədov: “Ermənistan tərəfi də bunu nəzərə almalı və azərbaycanlıların ləyaqətlə qayıdışını təmin etməlidir”
Qərbi azərbaycanlıların öz doğma yurdlarına qayıtması, bu prosesin beynəlxalq təminat altında həyata keçirilməsi günün ən aktual məsələlərindən biridir. Ermənistan adlanan dövlət soydaşlarımızın ləyaqətlə öz evlərinə, ata-baba ocaqlarına qayıtması üçün iradə göstərməlidir.
Prezident İlham Əliyev Ermənistanın qarşısına qəti şəkildə tələb qoyub ki, Qərbi Azərbaycan İcmasını tanımalısınız və azərbaycanlıların öz doğma yurdlarına qayıtmasını təmin etməlisiniz.
Azərbaycan Prezidenti “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda II beynəlxalq konfransın iştirakçılarına müraciətində bildirib: “Qərbi Azərbaycan İcması dəfələrlə Ermənistan hökumətini dialoqa çağırmış, lakin qarşı tərəf bundan imtina etmişdir. Ermənistan İcma ilə danışıqlara başlamalı və Qərbi azərbaycanlıların fundamental hüquqlarının bərpa edilməsi istiqamətində praktiki addımlar atmalıdır. Bundan əlavə, Ermənistan xalqımıza məxsus tarixi-mədəni irsin dağıdılması, təhrif edilməsi ilə bağlı vəziyyətin monitorinqi məqsədilə UNESCO-nun faktların araşdırılması missiyasının səfərinə icazə verməli və bu sahədə əməkdaşlıq etməlidir”. Prezident Əliyev qeyd edib ki, Qərbi Azərbaycan İcması üzvlərinin doğma torpaqlara qayıdış hüququnu təmin etmək məqsədilə beynəlxalq hüquqa uyğun dinc təşəbbüslərinin beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsi olduqca əhəmiyyətlidir. Uğurla həyata keçirilən Qayıdış Konsepsiyasına əsaslanan bu təşəbbüslər Qərbi azərbaycanlıların sülh yolu ilə təhlükəsiz və ləyaqətli şəkildə öz doğma yurdlarına geri dönməsinə böyük töhfələr verəcək.
“Müxtəlif vaxtlarda dədə-baba torpaqlarından zorla köçürülmüş, hazırda Azərbaycanda və dünyanın bir sıra ölkələrində məskunlaşmış minlərlə Qərbi Azərbaycan əsilli şəxsin hüquqlarının müdafiəsinə həsr edilmiş konfransın işinə uğurlar arzulayıram. Əminəm ki, Azərbaycan xalqının zaman-zaman məruz qaldığı deportasiyalar barədə həqiqətləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdıran bu beynəlxalq konfrans yaxın gələcəkdə qayıdış hüququ və dünyada köçkünlük problemi ilə bağlı fikir mübadiləsi aparılacaq önəmli beynəlxalq dialoq platformasına çevriləcəkdir”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.
Ermənistan hökuməti niyə Qərbi Azərbaycan İcması ilə danışıqlar masasına oturmaqdan yayınır?
“Qərbi Azərbaycan İcması ilə danışıqlara başlamalıdır, onların hüquqlarını tanımalıdır və beynəlxalq aləm də bu məsələyə obyektiv mövqe nümayiş etdirməlidir”
Millət vəkili Ceyhun Məmmədov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, bu məsələ ilə bağlı böyük bir konfrans keçirilib və burda xarici qonaqlar da iştirak edib. “Deyə bilərik ki, Azərbaycan üçün önəmli olan tədbirlərdən biri keçirildi. Cənab Prezidentin də konfrans iştirakçılarına önəmli bir müraciəti oldu. Bu müraciətdə də bir çox əhəmiyyətli məqamlar öz əksini tapıb. Müraciətdə də qeyd olunduğu kimi, dəfələrlə Azərbaycan tərəfinin çağrışlarına baxmayaraq, bugünə kimi Ermənistan tərəfi icma ilə heç bir danışıq aparmır və onların fundamental hüquqlarının bərpası istiqamətində praktiki addımlar atmır. İcmanın bu danışıqları aparmasında əsas məqsəd və hədəf ondan ibarətdir ki, Qərbi azərbaycanlıların öz ata-baba yurdlarına qayıdışı təmin olunsun.
Bilirsiz ki, tarix boyu dəfələrlə azərbaycanlılar indiki Ermənistan ərazisindən deportasiya olunublar. Təkcə ötən əsrin sonlarında 300 minə yaxın azərbaycanlı o ərazilərdən deportasiya edilib və onların hüquqları pozulub. Bu gün Ermənistan onların qayıdış hüquqlarını bərpa etmək istəmir. Danışıqların aparılmasının əsas məqsədi və hədəfi azərbaycanlıların öz dədə-baba yurdlarına qayıdışının təmin olunmasıdır”.
C.Məmmədov qeyd etdi ki, Azərbaycanın burda yalnız bir məqsədi və hədəfi var, o da bizim insanlarımızın öz doğma yurdlarına, el-obasına qayıtmasıdır, orada yaşamasıdır. “Yəni bu bir fundamental hüquqdur, azərbaycanlıların haqqıdır. Ermənistan isə bu məsələyə heç bir vəchlə müsbət yanaşmaq istəmir. Çünki Ermənistanın dövlət siyasətində azərbaycanlılara qarşı düşmənçilik, azərbaycanlıların sıxışdırılması, özümüzün tarixi ərazimizə buraxılmaması əsas istiqamət və əsas bir xətt kimi özünü hər zaman göstərib. Biz bunu bu gün də Ermənistanın siyasətində görürük. Hətta Ermənistan Azərbaycanı ittiham etməyə çalışır və Azərbaycana qarşı müəyyən iddialar da səsləndirir ki, guya Azərbaycan Qərbi Azərbaycan mövzusunu gündəmə gətirməklə Ermənistan ərazisini “işğal etmək” istəyir. Amma bizim məqsədimiz isə, qeyd etdiyimiz kimi, yalnız və yalnız azərbaycanlıların öz dədə-baba yurdlarına qayıtmasıdır. Cənab Prezidentin də müraciətində bu məsələ əksini tapıb. Biz əminik ki, azərbaycanlılar mütləq öz doğma yirdlarına qayıdacaqlar. Bu gün onun üçün Azərbaycan dövləti gərək olan bütün addımları atır. Ermənistan tərəfi də bunu nəzərə almalı və azərbaycanlıların ləyaqətlə qayıdışını təmin etməlidir. Eyni zamanda Qərbi Azərbaycan İcması ilə danışıqlara başlamalıdır, onların hüquqlarını tanımalıdır və beynəlxalq aləm də bu məsələyə obyektiv mövqe nümayiş etdirməlidir”-deyə millət vəkili bildirdi.
İradə SARIYEVA