AZ

Heyvandarlıq sığortası azaldıldı: Ət ucuzlaşacaq?

Heyvanların sığortalanması tarifləri azaldılıb.

Qaynarinfo xəbər verir ki, Aqrar Sığorta Fondunun İdarə Heyəti bununla bağlı qərar verib.

Qərara əsasən, Azərbaycanda aqrar sığorta vasitəsilə iri buynuzlu ətlik və südlük mal-qaranı (inək, camış və danaları), eləcə də xırda-buynuzlu heyvanları (qoyun və keçiləri) sığortalamaq mümkündür. İndiyədək mal-qaranın sığortalanması üçün sığorta tarifləri seçilmiş sığorta zərfindən asılı olaraq heyvanın qiymətinin 5,2-8,2%-i arasında dəyişirdi.

İdarə heyətinin qərarı ilə iribuynuzlu heyvanların sığorta haqqı 5%, xırdabuynuzlu heyvanların sığorta haqqı isə 10% aşağı salınıb. Nəticədə iribuynuzlu mal-qara üçün 4,9-7,8%-ə, xırda buynuzlu heyvanlar üçün isə 4,65-7,37%-ə endirilib.

Bəs, bu qərarın kənd təsərrüfatına üstünlükləri nə olacaq? Ətin qiyməti dəyişəcəkmi?

Sabiq deputat Əli Əlirzayev Qaynarinfo-ya açıqlamasında bildirib ki, sığorta qiymətlərinin azalması məhsulun qiymətinin dəyişmədiyi halda da sahibkara və eləcə də əhalinin gəlirinə təsir edəcək:
 


"Ona görə bu qərar kənd təsərrüfatına böyük əhəmiyyəti var, stimul yaradacaq. Özü də məcburi sığorta olanda bu daha çox ailənin, yaxud da sahibkarın, fermerin gəlirinə təsir edir. Bu siyasət sahibkarlığı daha da inkişaf etdirəcək, sığorta xərcləri azalacaq. İkincisi, sığortanın təyinatı var. İndi heyvandarlıq məhsulları çoxdur. Heyvanın özünün, yaxud da heyvandarlıq məhsullarının sığortalanması var. Bundan əlavə, heyvanın sığortalanması məcburidir, ya könüllüdür və s. kimi prinsiplər sadələşəndə yaxşı olacaq".   

Əli Əirzayevin sözlərinə görə, qərar ətin qiymətinə təsir edəcək:

"Sığorta ödəmələri birbaşa ətin qiymətinin üstünə gəlir. Əgər bu sığorta vermirsə, müəyyən xərclərdən uzaqlaşırsa, subsidiya verilirsə, o zaman ətin qiyməti aşağı olmalıdır. Stimul yaranmalıdır, məhsuldarlıq artmalıdır".

Sabiq deputat vurğulayıb ki, məhsuldarlığın artması nəticəsində bazarda qiymət də aşağı düşməlidir:

"Əsas odur ki, ətin qiyməti aşağı düşəcək. Ətin qiyməti xərcdən asılıdır. Nə qədər məhsul istehsal edilsə, bir o qədər onun qiyməti aşağı düşəcək".

Bahar Rüstəmli

Seçilən
33
50
qaynarinfo.az

10Mənbələr