AZ

Afrika ölkələri Türkiyənin xeyrinə Fransa ilə əməkdaşlıqdan imtina edir

“Bayraktar TB2” PUA-dan sonra Mali hakimiyyəti Türkiyənin “Baykar” şirkətindən ən yeni “Akıncı” pilotsuz uçuş aparatlarını alıb.

SİA xəbər verir ki, bu barədə Türkiyənin “Star” qəzetinin Afrikadakı keçmiş Fransa müstəmləkələrindəki vəziyyətlə bağlı analitik icmalında deyilir.

Nəşrin məlumatına görə, Niger və Burkina Faso da daxil olmaqla, Sahel bölgəsinin bir çox ölkələrində Türkiyənin mövqeyi güclənir. Üstəlik, söhbət təkcə müdafiə deyil, həm də iqtisadi komponentdən gedir.

“Afrika ölkələri Türkiyəni etibarlı tərəfdaş kimi qəbul edərək, müstəmləkə keçmişi olan güclərdən, xüsusən də Fransadan uzaqlaşır”, - deyə nəşrdə bildirilir.

Türkiyə nəşri qeyd edir ki, müvəqqəti Prezident Assimi Qoita Bamakoda “Akıncı” PUA-nın Mali ordusuna təhvil verilməsi mərasimində iştirak edib.

Eyni zamanda, Malinin müdafiə naziri Sadio Kamara türk PUA-larının alınmasını “Bamakonun regional mövqelərinin gücləndirilməsi və ölkənin ünvanına təhdidlərin aradan qaldırılması istiqamətində atılan addım” adlandırıb.

Mali dövlət televiziyasının reportajında “terrorla mübarizə də daxil olmaqla, milli təhlükəsizliyin təmin edilməsində istifadə edilməsi planlaşdırılan” ən azı iki “Akıncı” hücum PUA-sı nümayiş etdirilib.

Telekanal Türkiyənin digər aparıcı müdafiə şirkətlərindən – “Aselsan” və “Roketsan”dan da məhsul alınması barədə məlumat verib.

Mali “Akıncı” PUA-nın alınmasının Afrikada rəsmən elan edildiyi dördüncü ölkə oldu (Burkina Faso, Efiopiya və Liviyadan sonra - redaktorun qeydi).

Malinin təhlükəsizlik strukturları bir neçə ildir ki, “Bayraktar TB2” PUA-dan terrorçulara və qeyri-qanuni silahlı qruplara zərbələr endirmək, həmçinin kəşfiyyat məlumatları toplamaq üçün istifadə edir.

Seçilən
42
sia.az

1Mənbələr