AZ

Dondurulmuş ət daha FAYDALIDIR?

Ətin qiyməti durmadan artır. Alternativ variant kimi təklif olunan dondurulmuş ətə isə maraq çox azdır. İnsanlar daha çox yeni kəsilmiş heyvan ətinə maraq göstərirlər. Halbuki, bəzi ekspertlər deyir ki, ət dondurulduqdan sonra istehlak edilməsi daha doğrudur. Çünki dondurulan zaman ətdəki ziyanlı bakteriyalar ölür. Təsadüfi deyil ki, fabriklərdə toyuqlar kəsilən kimi 20 dərəcədə dondurulur. Buna şoklama deyilir. 

İddialara görə, bu zaman məhsulda heç bir keyfiyyət fərqi baş vermir.

Məsələ ilə bağlı tanınmış həkim Abbas Bağırovla həmsöhbət olduq. O, Bizim.Media-ya açıqlamasında bildirib ki, ibtidai insanlar əti çiy-çiy yeyirdilər:

“Sonrakı dövrlərdə isə ət bir qədər qzıardılaraq istehlak edilirdi. Dədə-babalarımız qoyun quyruğunu çox zaman çiy, əti isə yarımbişmiş halda qəbul edirdilər. Bununla bağlı bir el misalı da var: “Kabab qanlı, igid canlı”. Yəni çox qaynadılmış ət o qədər də faydalı deyil. 

Təzə ət yeyən insan heç bir xəstəliyə düçar olmur. Təzə ətin istehlakında pis heç nə yoxdur, əksinə çox faydalıdır. Əgər kəsilən heyvan hər hansı bakteroloji, parazitar, virus və digər  xəstəliyə yoluxubsa, biz həmin əti dondurmaqla heç nəyə nail olmayacağıq. Çünki elə bakteriyalar var ki, 20-25 dərəcə şaxtada belə məhv olmurlar. 

Nəzərə alaq ki, bütün sistemdə olduğu kimi ətdə də mikroflora sistemi, bakteriyalar var.  Bunlar xəstəlik törədən bakteriyalar deyil. Həmin bakteriyalar orqanizmdə immun sistemini mobil saxlayır. Həmçinin həmin bakteriyalar immun sistemindəki komponentlərin normal fəaliyyətini təmin edir. Ona görə də təzə kəsilmiş əti nə qədər tez istehlak etsək, bir o qədər faydalıdır. 

Ətin tərkibi zülaldır. 

Zülallar optimal şəraitdə dondurulduqda və sonrakı mərhələdə donun açılması prosesində deneturasiya  başlayır. Yəni ətin tərkibindəki əvəzolunmayan amin turşuları xüsusiyyətlərini dəyişir və orqanizmə daxil olanda əvvəlki tutumdakı enerjini daşıya bilmir. Eyni zamanda, bioloji strukturlar müəyyən bir çevirmələrə məruz qalır.

Onu da qeyd etmək lazımdır ki, dondurulmuş ət təkcə formaca deyil, məzmunca da dəyişir. Yəni ət dondurulan zaman tərkibindəki bir çox komponentlər dəyişikliyə məruz qalır. Ona görə də insanlar dondurulmuş ətə az maraq göstərir, daha çox təzə ət istehlak etməyə çalışırlar. Təsadüfi deyil ki,  Azərbaycan mentalitetinə görə ət məhsullarından hazırlanmış yeməklərə daha çox üstünlük verilir. Hətta bəzi ailələrdə ətli yemək bişirilməyəndə çox adam süfrəyə yaxın gəlmir”.

Surxay Atakişiyev, Bizim.Media 

Seçilən
40
50
bizim.media

10Mənbələr