AZ

Ermənistan Qərbi Azərbaycan İcması ilə dialoqa başlamalıdır- ŞƏRH


2025-ci il sülh danışıqlarında bu məsələ də müzakirə edilməli, gündəliyə salınmalıdır

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda keçirilən II beynəlxalq konfransın yekun sənədi qəbul edilib. Konfransın yekun sessiyasında sənədi Polşadan olan iştirakçı, Avrasiya Araşdırmaları Mərkəzinin aparıcı tədqiqatçısı Jakub Voytsex Koreyba oxuyub. Qeyd olunub ki, aralarında parlament üzvləri, ictimai-siyasi xadimlər, vətəndaş cəmiyyəti fəalları və elm xadimləri olmaqla 51 ölkədən 200-dən artıq iştirakçı "Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin olunması" mövzusunda İkinci Beynəlxalq Konfransda toplaşıblar. 

Ermənistandan məcburən çıxarılmış azərbaycanlıların qayıdış məsələsini və qlobal miqyasda məcburi köçkünlük problemini müzakirə ediblər. İştirakçılar bildiriblər ki, azərbaycanlıların Ermənistandan məcburi köçürülməsi hələ də həll olunmamış böyük bir ədalətsizlikdir. Vurğulanıb ki, Ermənistanın zorla çıxarılmış azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə geri dönməsinə icazə verməkdən imtina etməsi ciddi narahatlıq yaradır. Onlar Beynəlxalq Cinayət Məhkəməsinin prokurorunu Ermənistanın azərbaycanlıların qayıdışına imkan verməməklə beynəlxalq hüquq və Roma Statutu çərçivəsində üzərinə götürdüyü öhdəlikləri pozmasını araşdırmağa çağırıblar. Qeyd edək ki, Prezident İlham Əliyev “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb. Dövlət başçısı vurğulayıb ki, Azərbaycan xalqı da ötən əsrin əvvəllərindən başlayaraq köçkünlük problemi ilə üzləşib. Prezident vurğulayıb ki, Ermənistan Qərbi Azərbaycan İcmasının fəaliyyətini qəsdən öz ərazi bütövlüyünə təhdid kimi təqdim etməyə çalışır: "Lakin İcmanın məqsədi Qərbi Azərbaycandan didərgin salınmış soydaşlarımızın dinc və təhlükəsiz şəraitdə, ləyaqətlə öz dədə-baba yurdlarına qayıdışının təmin olunmasından ibarətdir. Bu, sırf insan haqları məsələsidir. Ermənistanın İcmanın fəaliyyətini təhdid kimi qələmə verməsi məsələnin əsl mahiyyətini təhrif etmək və beynəlxalq hüquqa əsaslanan qayıdış hüququnu inkar etmək cəhdidir. Qərbi Azərbaycan İcması dəfələrlə Ermənistan hökumətini dialoqa çağırıb, lakin qarşı tərəf bundan imtina edib. Ermənistan İcma ilə danışıqlara başlamalı və Qərbi azərbaycanlıların fundamental hüquqlarının bərpa edilməsi istiqamətində praktiki addımlar atmalıdır".  

Politoloq Turan Rzayev "Sherg.az"a deyib ki, Prezidentin də dediyi kimi, Ermənistan hökuməti Qərbi Azərbaycan İcması ilə dialoqa başlamalıdır. Hər şeydən öncə ona görə ki, Azərbaycan erməni icması ilə bu dialoqa çoxdan başlayıb. Hətta lokal xarakterli antiterror əməliyyatlarına qədər erməni icması ilə görüşlər keçirilmiş, reinteqrasiya prosesi elan edilmişdi. Erməni icmasının yekunda Azərbaycanı öz istəyi ilə tərk etməsi artıq onların öz seçimi idi:

"Yəni erməni icmasından fərqli olaraq Qərbi Azərbaycan İcması üçün nə reinteqrasiya prosesi elan edilib, nə də hər hansı bir formatda dialoq qurulub. Yəni onlara qayıtmaq istəyib-istənilməməsi soruşulmayıb. Buna görə də Ermənistan icma ilə dialoqa başlamalı, Qərbi azərbaycanlıların hüququ təmin edilməlidir. Prezident İlham Əliyevin sözügedən fikri Ermənistanda geniş müzakirə olunmaqdadır. Əslində, İrəvanın icma ilə dialoqdan yayınmaq səbəbi aydındır. Erməni icmasından fərqli olaraq, Qərbi azərbaycanlılar bütün risk faktorlarını nəzərə alıb Ermənistana qayıtmaq istəyəcək. Bu isə Ermənistana sərf etmir. İrəvan yaxşı bilir ki, erməni əhalidən fərqli olaraq azərbaycanlılar demoqrafik baxımdan artıma meyillidir. Hətta Qərbi Azərbaycan icması ata-baba torpaqlarından didərgin düşməsəydi, bu gün Ermənistan parlamentində 10-dan çox Azərbaycan əsilli deputat olardı. Ermənistanda isə əhalinin azı 40 faizini azərbaycanlılar təşkil edərdi".
Ekspertə görə, Ermənistan Baş naziri Nikol Paşinyan Ermənistanın monoetnik ölkə imicini qorumaq istəyir. Yəni Ermənistan əhalisini xaricdən gələn və Qarabağdan köçən ermənilərin hesabına artırmağı düşünür. Hesab edirəm, Prezidentin qeyd etdiyi “Ermənistan Qərbi Azərbaycan ilə dialoqa başlamalıdır” fikri sülh müqaviləsinin şərtlərindən biri olmalıdır. 2025-ci il sülh danışıqlarında bu məsələ də müzakirə edilməli, gündəliyə salınmalıdır".

Seçilən
9
50
sherg.az

10Mənbələr