"Sülh üçün xüsusilə Zəngəzur dəhlizi vacib amildir. Azərbaycan artıq lazımi işləri tamamlayıb".
Bunu Bakıda keçirilən "Parlamentarizm: Ənənələr və perspektivlər" mövzusunda Beynəlxalq Parlament Konfransına qatılan Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay hakimiyyet.az-ın sualını cavablandırarkən deyib.
O bildirib ki, Qarabağın dirçəlişinə başlanan ilk günlərdən bəri Türkiyə Azərbaycanın yanındadır:
"Kənd təsərrüfatı, səhiyyə və s. sahələrdə layihələr, xüsusilə Xankəndidə yeni birgə layihələr olacaq".
F.Oktayın sözlərinə görə, Ermənistan sərhədlərində qalan yarımçıq hissələr var:
"Ümid edirik ki, bu da tezliklə həllini tapacaq. Ermənistanın üçüncü tərəflərdən özünə qarşı gələn yanlış yönləndirmələrə önəm verməyəcəyinə ümidliyik. Azərbaycan və Ermənistan birlikdə çalışdıqda, üçüncü ölkələr araya girmədikdə barışın yolunu tapırlar. Bu, sübut olunub. Niyyətimiz odur ki, sülhün rəsmi şəkildə əldə olunması ilə regionda inkişafa şans yaradaq".
O əlavə edib ki, "Azərbaycan Ermənistanı konstitusiyanı dəyişməyə məcbur edir" kimi dezinformasiyaların heç bir əsası yoxdur:
"Azərbaycan, sadəcə, bu məsələnin gələcək nəsillərə qalmasını istəmir və biz bunu tamamilə dəstəkləyirik".
Mərahim Nəsib