Dekabrın 9-11-də Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 29-cu Bakı çempionatı və birinciliyi keçiriləcək.
İdman.biz xəbər verir ki, yarışda "Ocaq Sport" Klubu, İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbi (BGM), Respublika Kompleks İdman Məktəbi, "Grasiya" İdman Klubu, Sərhədçi Olimpiya İdman Mərkəzi, Şağan Olimpiya İdman Kompleksini təmsil edən gimnastlar paytaxtın ən güclüsü adı uğrunda mübarizəyə qoşulacaqlar.
Çempionatda idmançılar balacalar (2014-2016-cı il təvəllüdlülər), yeniyetmələr (2011-2013-cü il təvəllüdlülər) və gənclər (2010-2011-ci il təvəllüdlülər) yaş kateqoriyalarında bacarıqlarını nümayiş etdirəcəklər.
Üç gün davam edəcək yarışda qaliblər yaş qruplarına müvafiq olaraq fərdi çoxnövçülük və ayrı-ayrı alətlər üzrə müəyyənləşəcək.
Çempionat dekabrın 9-10-da saat 10:00-da, son gün saat 12:00-da başlayacaq.
İdman.biz