AZ

Tramp Rusiyanı məhvə sürükləyəcək

Donald Trampın Ukrayna münaqişəsinin həlli istiqamətində təqdim olunan təklifləri siyasi gündəmin əsas mövzularından biri olub.

"Reuters" agentliyinin məlumatına görə, Tramp hələlik münaqişənin həlli üçün xüsusi işçi qrup yaratmasa da, onun müşavirləri ictimai və xüsusi müzakirələrdə müxtəlif təkliflər irəli sürüblər:

Kit Kelloq və Fred Flayts tərəfindən hazırlanmış təklif ABŞ-nin Ukraynaya hərbi yardımını dayandırmasını nəzərdə tutur. Bu yardım yalnız Kiyev Moskva ilə danışıqlara razılaşdığı halda davam etdiriləcək. Əgər Moskva danışıqlardan imtina edərsə, ABŞ-nin Ukraynaya dəstəyi artacaq. Planın əsas məqsədi cəbhə xəttinə əsaslanan atəşkəs əldə etməkdir.

Jey Di Vens sentyabr ayında mövcud cəbhə xətti boyunca gücləndirilmiş demilitarizasiya zonasının yaradılmasını təklif edib. O, həmçinin Ukraynanın NATO-ya üzvlüyündən imtinasını bu planın ayrılmaz hissəsi sayır.

Riçard Qrenell Ukraynanın şərqində “muxtar bölgələr” yaradılmasını və ölkənin yaxın gələcəkdə NATO-ya üzv olmamasını təklif edir. Qrenell NATO üzvlüyünü ABŞ üçün sərfəli hesab etmir.

Bu təkliflərin ortaq tərəfi Ukraynanın NATO-ya üzvlüyünün gündəlikdən çıxarılmasıdır. Lakin bu yanaşma Ukrayna Prezidenti Volodimir Zelenskinin "qələbə planı" ilə ziddiyyət təşkil edir. Zelenski NATO üzvlüyünü Ukraynanın təhlükəsizlik təminatı üçün əsas şərt hesab edir və yalnız qismən dəvəti qəbuledilməz adlandırır.

Avropa İttifaqı üzvləri, ABŞ Konqresi və bəzi digər müttəfiqlər Trampın təkliflərinə ciddi müqavimət göstərə bilərlər. NATO üzvlüyünün qarşısının alınması ilə bağlı təkliflər Qərbin Ukraynaya dəstəyini zəiflədə biləcək risklər daşıyır. Bu arada, Co Bayden administrasiyası Ukraynaya hərbi yardımı artırmaq niyyətində olduğunu bəyan edib.

Analitiklərin fikrincə, Trampın sülh təkliflərinin həyata keçirilməsi çətin olacaq. Putinin işğalı davam etdirəcəyi və danışıqlara maraq göstərməyəcəyi ehtimal olunur.

Ukrayna isə NATO üzvlüyündən başqa heç bir təhlükəsizlik təminatını qəbul etməyəcəyini dəfələrlə bildirib. Bundan əlavə, Kiyev 2025-ci il üçün Qərbdən 126 milyard dollar məbləğində hərbi yardım tələb etməyi planlaşdırır.

Təkliflərdə, həmçinin Ukraynanın bölüşdürülməsinə dolayısıyla işarə edən məqamlar var. Məsələn, Riçard Qrenelin avtonom bölgələr yaradılması təklifi Ukraynanın şərqini nəzərdə tutur. Bu, ölkənin ərazi bütövlüyünü zəiflədə və faktiki olaraq müəyyən ərazilərin Rusiyanın təsir dairəsinə keçməsinə səbəb ola bilər.

Kit Kelloqun mövcud planı cəbhə xəttini əsas götürərək atəşkəs əldə olunmasını təklif edir. Bu yanaşma hazırda Rusiyanın işğalı altında olan ərazilərin Ukraynadan ayrılmasına zəmin yarada bilər.

Eyni zamanda, Ukraynanın NATO-ya üzv olmayacağı şərti irəli sürülür. Bu, Ukraynanın geosiyasi seçimlərini məhdudlaşdırır və ölkənin tam müstəqilliyini təhlükə altına qoyur.

Nəticə olaraq, Trampın təklifləri həm daxili, həm də beynəlxalq səviyyədə ciddi müqavimətə səbəb olacaq. Eləcə də münaqişənin sülh yolu ilə həlli üçün daha mürəkkəb problemlər yaranacaq.

“Rusiya qoşunları Krımdan çıxarılacaq”

Mövzu ilə bağlı “Cümhuriyət”-ə münasibət bildirən ukraynalı politoloq Aleksandr Oxrimenko deyib ki, Ukrayna ərazisində heç bir avtonom region olmayacaq:

“Bunların hamısı seçkilərdən əvvəl deyilib. Kit açıq şəkildə dedi ki, qələbə yalnız Rusiya qoşunlarının Ukrayna ərazisindən tamamilə çıxarılması ilə ola bilər. Çoxlu ideyalar irəli sürüblər, amma indi mövqe dəyişib. Bugünkü vəziyyətə görə, Kit Trampın ideyasını səsləndirib. 

Rusiya qoşunları Ukraynanın ərazisindən, o cümlədən Krımdan çıxarılacaq. Həmçinin, Rusiya Federasiyası ərazisində demilitarizasiya zonası yaradılacaq. Demilitarizasiya zonasının əslində, Rusiya Federasiyasının bir hissəsi olması barədə Kit Kelloq da deyib. Bu, 1991-ci ildə BMT tərəfindən qəbul edilmiş Ukrayna sərhədi olacaq və bu demilitarizasiya zonasının daxilində Rusiya qoşunları olmayacaq. 

Belə halda sual yaranır ki, bəlkə Ukrayna ilə Rusiya arasında sərhəddə sülhməramlılar olacaq? Məncə, bu, olduqca çətin məsələdir. Bu, çox ağrılı şəkildə müzakirə olunacaq. Çünki sülhməramlılar çox baha başa gəlir. Əgər proses 10-20 il davam edərsə, bu, daha ağrılı bir mövzu olacaq. Amma demilitarizasiya zonası çox realdır”.

A. Oxrimenko qeyd edib ki, “Reuters”-in yazdıqları çox köhnə fikirlərdir:

“İndi Trampın nümayəndəsi Kit çox tez-tez müsahibələr verir. Onun açıqlamalarını dinləsəniz görərsiniz ki, seçkilərdən əvvəl dediklərindən tamamilə fərqlənir. 

Sadəcə olaraq, vəziyyətin ritorikası dəyişib. Seçkilərdən əvvəl Tramp Baydeni tənqid edirdi, çünki o, Putini məğlub etmək istəmirdi. İndi isə əksinə, Tramp Putini məğlub edən şəxs olmaq istəyir. 

Bu günə qədər hələlik heç bir plan yoxdur və Kit bunu təsdiqlədi. Plan hazırlanır və ona çox faktor təsir göstərəcək. O cümlədən, Trampın ətrafı da mütləq təsir edəcək. Aydın məsələdir ki, bu planın əsasını Kit və Freyd planı təşkil edəcək. 

Bütün bu ideyalar, layihələr absurd fikirlərdir. Onları nə Ukrayna, nə də Rusiya qəbul edir. Seçkilərdən əvvəl səslənən bütün ideyalar müzakirə üçün idi, amma heç bir konkret nəticə verməyib”. 

Trampın siyasətqarışıq biznes marağı

Ekspert hesab edir ki, Tramp ancaq Putin Rusiyasını məhv etməkdə maraqlıdır. Onun sözlərinə görə, Tramp biznesmen olduğu üçün ABŞ-nin əsas məqsədi Rusiyanı tamamilə çökdürmək, Rusiyanı təsir sahələrinə ayrımaq, neft və qaz çıxarılan regionları ABŞ-nin nəzarətinə verməkdir:

“Bu, Trampın əsas məqsədidir. Qalan hər şey isə boş ritorikadır. Bu günə qədər Ağ Evdə belə bir fikir var ki, Rusiyanı daha da məğlub edib, diz çökdürmək olar. Çünki Çin Rusiyanı bir tərəfdən diz çökdürdü, amma ABŞ Rusiyanı diz çökdürmək istəyir ki, ona faydalı olsun və Çinə zərbə vursun. Hamı unudur ki, ABŞ üçün çox vacib olan məsələ Rusiyanı Çin ilə əlaqələrdən kənarlaşdırmaq, Çinə ucuz xammal almaq imkanı verməməkdir. Bütün bu müharibənin əsas məqsədi budur. Qalan bütün bu danışıq və “Tramp təslim olacaq” fikirləri  uydurmadır. 

Əslində, Tramp Rusiyanı məhvə sürükləyəcək və Rusiyanı ABŞ korporasiyalarına neft hasilatını təhvil verməyə məcbur edəcək. Bu, çox realdır, NATO və digər məsələlər isə boş danışıqdır. NATO tamamilə bacarıqsız olduğunu göstərdi. Təbii ki, siyasətçilər danışacaqlar, çünki insanlara ritorika xoş gəlir”. 

Onun fikrincə, Ukraynanın NATO-ya qoşulması, sadəcə siyasi ifadədir: 

“Bu, hərbi baxımdan heç bir maraq doğurmur. Çünki NATO-nun nə qədər təsirsiz olduğunu artıq görmüşük. Baxın, raketlər Polşa, Rumıniya ərazisinə düşür, NATO görmür. Bu, NATO-nun işə yaramadığını göstərir. Düşünürəm ki, Ukraynanın NATO-ya qoşulması heç nəyi dəyişməyəcək. NATO öz üzvlərini qorumağa qadir deyil, o, artıq uzun zamandır işləmir. Bu səbəbdən Ukrayna üçün daha vacib olan NATO-dan silah almaqdır. Bu, həqiqətən vacibdir. NATO-ya qoşulub-qoşulmamağın elə də fərqi yoxdur”. 

Seçilən
40
50
cebheinfo.az

10Mənbələr