AZ

Yeni Suriyanı kimlər idarə edəcək? -Adlar Açıqlandı

Bəşər Əsədin devrilməsindən sonra Suriyada hakimiyyət müxalifətə təhvil verilib. Suriya müxalifəti elan edib ki, yeni konstitusiyanın hazırlanması üçün altı ay da daxil olmaqla 18 aylıq keçid dövrü ərzində ölkəni müvəqqəti hökumət idarə edəcək 

EDnews xəbər verir ki, Türkiyənin "Karar" qəzeti yeni hökumətdə təmsil oluna biləcək bir sıra şəxslərin adlarını açıqlayıb.

Bildirilir ki, Bəşər Əsədin aparıcı siyasi rəqibləri olan 10-a yaxın adam Suriyada rəhbər vəzifələr tuta bilər.

Onlar arasında sabiq baş nazir Riyad Hicab, Suriya silahlı müxalifətinin lideri, Dəməşqdə hakimiyyəti ələ keçirmiş “Həyat Təhrir əl-Şam” qruplaşmasına rəhbərlik edən Əbu Məhəmməd əl-Culani ləqəbi ilə tanınan Əhməd əl-Şaraa da var.

Digər mümkün namizədlər arasında Suriya hökumətinin hazırkı rəhbəri Məhəmməd Qazi əl-Cəlali, Suriya müxalifətinin Milli Koalisiyasının lideri Hadi əl-Bəhra, Suriya Milli Şurasının keçmiş liderləri Burhan Qalyun, Əhməd Muaz əl-Xatib, Əbdül Basit Seida, Corc Sabra, Suriyanın keçmiş kənd təsərrüfatı naziri Esad Mustafanın adı çəkilir.

Hadi əl-Bəhrə "Middle East Eye" portalına deyib ki, keçid dövrü BMT Təhlükəsizlik Şurasının 2015-ci il dekabrın 18-də qəbul edilmiş və ümummilli atəşkəs, azad və ədalətli seçkilər daxil olmaqla, Suriyada siyasi keçid üçün yol xəritəsini müəyyən edən 2254 saylı qətnaməsinə uyğun olaraq həyata keçirilməlidir.

Xatırladaq ki, noyabrın sonunda Suriyada hökumət əleyhinə qüvvələrin hücumu başlayıb. Dekabrın 8-nə keçən gecə onlar paytaxt Dəməşqə daxil olublar. Bəşər Əsəd prezident postunu tərk edib və Suriyadan qaçıb. Suriyanın baş naziri Məhəmməd Qazi Əl-Cəlali müxalifətlə əməkdaşlığa və hakimiyyəti sülh yolu ilə ötürməyə hazır olduğunu bəyan edib. Əsəd və ailəsi Rusiyaya sığınıb.

Seçilən
5
2
ednews.net

10Mənbələr