İsrail “Hizbullah”ın liderlərini, komandirlərinin əksəriyyətini öldürərək təşkilatı zəiflətdi, Suriyadakı silahlı qruplar isə Bəşər Əsədi devirdilər. İranda islam inqilabından bu yana Tehran bu iki müttəfiqi vasitəsilə rəqiblərinə meydan sulayırdı. İrandakı mühafizəkar qüvvələr məhz Suriya və “Hizbullah”ın imkanlarıdan istifadə edərək İsraillə mübarizə aparırdı. İran Suriyanın hava sahəsindən istifadə edərək İsrailə zərbələr endirirdi. İranın mühafizəkar dairələrinin əlindən bu imkan çıxdı. Birincisi, Suriya üzərindən İranla “Hizbullah” arasında quru əlaqəsi ortadan qaldırıldı. İkincisi, Suriyada yeni qurulacaq hakimiyyət ata və oğul Əsəd dövründə olduğu kimi Tehranla müttəfiq münasibətlər qurmayacaq.
Cümlələrimdə ona görə, “İranın mühafizəkar dairələri” ifadəsini işlədirəm ki, baş verənlər ali dini lider və SEPAH-dan fərqli olaraq mötədil Prezident Məsud Pezeşkianın maraqlarına cavab verir. O ali dini lider və SEPAH-dan fərqli olaraq İranın məhdud maliyyə resurslarının ölkə daxilində istifadə olunmasının tərəfdarıdır. Halbuki, mühafizəkar qüvvələr İranda yaşayanların ağır iqtisadi və sosial vəziyyətinə rəğmən, Əsəd rejiminin və “Hizbullah”ın ayaqda qalması üçün hər il on milyardlarla dollar xərcləyirdi. Pezeşkian bundan sonra həmin milyardların İranda xərclənməsinə çalışacaq. Suriya olayları İranı başqa dövlətlərin daxili işlərinə qarışmaqdan və bölgədəki silahlı qrupları dəstəkləməkdən çəkindirməlidir. Əks halda dəyişikliklər Suriya ilə yekunlaşmayacaq...
Elxan Şahinoğlu
visiontv.az