AZ

İlqar İlkin: "Azərbaycan İraq Türkmanlarının TDT-da təmsilçiliyinə lobbiçilik edə bilər”



Milli Məclisdə keçirilən "Parlamentarizm: ənənələr və perspektivlər" beynəlxalq parlament konfransında çıxış edən İraq Respublikası Nümayəndələr Şurasının İnsan hüquqları komitəsinin sədri Ərşad Salehi, Qarabağ Zəfərinin həm hərbi strategiya, həm də humanitar baxımdan tarixə yeni səhifə açdığını vurğulayıb. O, Azərbaycan dövlətinin İraq Türkman elinə göstərdiyi dəstəyi yüksək qiymətləndirib və İraqın Türk Dövlətləri Təşkilatında müşahidəçi qismində iştirakını dəstəklədiyini bildirib.

Bəs İraq Türkmanlarının Türk Dövlətləri Təşkilatında (TDT) müşahidəçi statusunda təmsil olunması hansı siyasi və mədəni üstünlüklər qazandıra bilər?

Soydas.az xəbər verir ki, mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən türk dünyası məsələləri üzrə ekspert İlqar İlkin bildirib ki, TDT formatında üzv ölkələrlə (Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan) yanaşı, müşahidəçi üzvlər (Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikası) ölkələr də var: “Bu qurumda müşahidəçi ölkə kimi təmsil olunmaq üçün Cənubi Koreya və Rusiyanın da adı hallanıb. İraqın TDT-da müşahidəçi ölkə kimi təmsil olunması təklifi bu ölkənin Türk Birliyinə rəğbəti və bu birliyi yeni regional güc kimi görməsindən qaynaqlanır. Hesab edirəm ki, TDT çərçivəsində başqa dövlətlərin tərkibində subyekt halında yaşayan türk toplumlarına və qurumlarına müşahidəçi status vermək üçün uyğun bir forma tapılmalıdır. Yəni biz TDT-da Rusiyanın özünü deyil, onun içərisində mövcud olan Türk respublikalarının müşahidəçi statusda təmsil olunmasına çalışmalıyıq. Eləcə də, TDT-da Moldova deyil, Qaqauz Yeri, İraq deyil İraq Türkmanları müşahidəçi statusda təmsil olunmalıdır. Bu halda onlar yenidən həm böyük Türk ailəsinin bir parçasına çevriləcək, həm də yaşadıqları ölkələrdə siyasi təsirlərə daha çox sahib ola biləcəklər”.

İlqar İlkin Azərbaycan və İraq Türkmanları arasındakı münasibətlərin tarixi köklərinə də toxunaraq, bildirib ki, İraq heç bir zaman Azərbaycan üçün “gözdən iraq” bir ölkə olmayıb:

“Bu coğrafiya da bizim tariximizin bir parçası sayılır, eyni ruhu paylaşırıq, eyni dilin, mədəniyyətin daşıyıcılarıyıq. Azərbaycan xalqı İraq türkmanlarını həmişə özünə bir köynək daha yaxın hiss edib. Azərbaycanın qapıları İraq Türkmanlarının üzünə hər zaman açıq olub. Hətta, Səddam Hüseyn dönəmində belə incidilən İraq Türkmanları liderləri, yazarları və jurnalistləri Bakıda özlərini çox rahat hiss edə bilib, konfranlar verib, öz mədəniyyətlərini təbliğ edə biliblər, müxtəlif tədbirlər keçiriblər. Bu il Bakıda Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi “Azərbaycan və İraq Türkman Gənclərinin Forumu” da keçirildi. Bu forumun da əsas məqsədi Azərbaycan və İraq Türkmanları arasında genişlənən ikitərəfli əlaqələr çərçivəsində gənclərlə iş sahəsində təcrübə mübadiləsi və şəbəkələşməni davamlı təşviq etmək, iki ölkə arasında türk xalqlarının qarşılıqlı əlaqələrinin gücləndirmək və gənclərin inkişafına töhfə verməkdən ibarət olmuşdur. Bütün bunlar göstərir ki, Azərbaycan dövləti və xalqı İraq Türkmanlarına qarşı hər zaman həssas mövqedə olub. Hesab edirəm ki, Azərbaycan İraq Türkmanlarının TDT-da təmsil olnunmasını sadəcə istəmək yox, həm də onun lobbiçiliyini edə bilər”.

İlqar İlkin Qarabağ Zəfərinin beynəlxalq arenada Türk dünyası üçün əhəmiyyətinə də toxunaraq, qeyd edib ki, bu qələbə bütün Türk dünyası üçün özünəinamın qayıtması idi:

“Azərbaycan Qarabağda qazandığı möhtəşəm qələbəsi bu regionda iki yüz illik tərs gedən bir gedişatın yönünü dəyişdirib. Bu Zəfəri isə həm də bütün Türk dünyası ilə paylaşa bildi, bütün türk dövlətləri psixoloji baryer kimi gördüyü maneələri aşa biləcəyi iradəsini özündə hiss etdi. Hesab edirəm ki, çox yaxın zamanlarda İraqda, Suriyada Türkmanların yaxşılığa dəyişən durumu da Türk dünyası üçün yeni bir zəfər dalğası olacaq”.

Soydas.az
Seçilən
25
newscenter.az

1Mənbələr