Abutalıb Səmədov: "Görünür, bütün gücünu Ukrayna cəbhəsinə yönəldərək, Trampın andiçmə məraziminə qədər nəzərdə tutulan müəyyən əraziləri işğal etmək Rusiya üçün daha vacibdir"
Suriyada Əsəd xanədanının heykəlləri xalq tərəfindən sökülür. 61 ildən sonra Suriyada BƏƏS rejimi süqut etdi və bu ölkədə Əsəd ailəsinin qanlı hakimiyyətinə son qoyuldu.
Əsəd ailəsinin doğulduğu Latakiya, Dəməşq, Hələb və Həma da daxil olmaqla müxtəlif şəhərlərdə insanlar rejimin bütün simvollarını yığışdırıb atır və bu ölkənin bir çox yerində bayram və şənliklər keçirirlər.
Rusiya Əsəd və onun Moskvaya gələn ailə üzvlərinə sığınacaq verib.
Bu barədə TASS Kremldəki mənbələrə istinadən məlumat yayıb.
Əsəd rejimi niyə belə sürətlə çökdü? İran və Rusiyanın dəstəyi niyə iflasa uğradı? Onsuz da Əsəd gec-tez gedəcəkdi. Ancaq hər şeyin belə sürətlə baş verməsi çox maraqlıdır.
Bu, Rusiya və İranın zəifləməsinin göstəricisi kimi də qəbul edilə bilərmi?
“Bakı-Xəbər” qəzetinin sualına cavabında politoloq Abutalıb Səmədov bildirdi ki, Əsəd rejiminin Rusiya tərəfindən himayə edildiyi hamıya məlumdur: "2015-ci ilə qədər Rusiya proseslərə aktiv müdaxilə etmirdi. Həmin vaxt Suriyanın cəmi 15-20 faizi Əsədin nəzarətində idi. Rusiyanın müdaxiləsindən sonra Əsəd ölkənin 85 faizini nəzarətə götürdü. Goründüyü kimi, burada əsas rolu Rusiya hərbi qüvvələri oynadı. İş o yerə gəlib çatmışdı ki, Əsəd qalan ərazilərdən Türkiyəni də çıxarmaq istəyirdi. O, bir neçə dəfə Moskvaya səfəri zamanı tələb etmişdi ki, Türkiyə İdlib şəhərini tərk eləsin.
Son Soçi görüşündə isə Ərdoğan Putnlə razılığa gəldi. Baxmayaraq kı, həmin görüşün nəticələri elən edilmədı, liderlərin hansı razılığa gəldikləri də bilinmədi. Amma bundan sonra Rusiya bir daha Türkiyənin İdlibi tərk etməsi barədə tələblərini təkrarlamadı. Həmin Soci görüsündən sonra Türkiyə Əsədlə danışıqlar aparmaq istəklərini bildirdi. Lakin Əsəd görüşmək istəmədi, o, görüşlərdən dəfələrlə imtina etdi. Bu proseslərin onu haraya apara biləcəyini anlamadı. O, anlaya bilmədi ki, Rusiya artıq 3 ilə yaxındır Ukraynada ağır müharibə aparır, onun qarşısında böyuk bir koalisya dayanıb, dünyanın böyük gücləri Rusiyaya qarşı çıxıb.
Bu müharibədə Rusiya çətinliklə duruş gətirir, hətta zəif də olsa irəliləyir. Bu gün Rusiya Ukraynanın 123-124 min kvadratkilometrini işğal edib və işğal davam edir.
Eyni zamanda, Ukrayna Rusiyanın Kursk vilayətinin 1300 kvadratkilometrini ələ keçirmişdi. İndi həmin ərazinin 40 faizini Rusiya geri qaytara bilib. Yəni Rusiya kifayət qədər ağır müharibə aparır.
Əsəd dərk etməli idi ki, müxalifət müəyyən xarici güclərin yardımı ilə hücuma keçsə, o, bu hücumun qarşısında dayana bilməyəcək. Əsəd vaxtında Türkiyə ilə danışıqlara getməli idi. Lakin o, reallıqları düzgun qiymətləndirə bilməyərək, Turkiyə ilə danışıqlara getmədi və sonda isə bu cür ağır məğlubiyyətə uğradı.
Rusiya Suriya cəbhəsində əvvəlki kimi fəal mövqe tuta bilməyəcəyini anladı və Əsədin arxasından çəkildi.
Bəşər Əsəd vaxtında anlamadı ki, 85 faiz Suriya ərazisinə nəzarəti təmin edən qüvvə onun qoşunları deyil, Rusiyadır. Onun yenidən prezident seçilməsi də Suriya xalqının iradəsi ilə bağlı deyildi, Əsədi Rusiya prezident seçdirmişdi. Rusiyanin belə bir addım atacağını çoxları gözləmirdi. Ən azı müəyyən kömək göstərə bilərdi. Ancaq bu kömək kifayət edərdimi? Rusiya əlavə yersiz itkilərlə üzləşməzdimi? Yəqin ki, bütün bu sualların cavabı müzakirə edildi və Rusiyanın Suriyadan çıxmasına qərar verildi. Görünür, bütün gücünu Ukrayna cəbhəsinə yönəldərək, Trampın andiçmə mərasiminə qədər nəzərdə tutulan müəyyən əraziləri işğal etmək Rusiya üçün daha vacibdir. Bu bir daha göstərdi ki, kiminsə uzun müddət Rusiyaya güvənib istəyinə nail olması mümkun deyil. Ümumiyyətlə, ağıllı siyasətçilər kiməsə güvənib siyasətini qurmamalıdır. Hələ 1848-50-ci illərdə Böyük Britaniyanın baş naziri Lord Palmerston demişdi ki, bizim daimi müttəfiqlərimiz və daimi düşmənlərimiz yoxdur, bizim daimi maraqlarımiz var. Maraqlar isə dəyişkəndir. Dünən Rusiyanın maraqları Suriyanı qorumağı tələb edirdisə, bu gün onu düzdə qoymağı tələb elədi və Bəşər Əsəd sözün əsl mənasında düzdə qaldı. Bunun səbəbi isə onun bu reallığı gorməməsi, siyasətdə naşı olmasıdır.
İran da tələb edilən köməyi göstərə bilməzdi. Bundan əvvəl da İran Suriyanın həyatında o qədər də böyuk rol oynamayib.
Eyni zamanda, İranin İsraillə münasibətlərinin kəskinləşməsi onun əl-qolunu bağlayıb. Ona görə İran da proseslərə Əsədin istədiyi səviyyədə müdaxilə edə bilmədi. Nəticədə Rusiya və İranın uzun müddət dəstəklədiyi Bəşər Əsəd rejimi çökdu.
Bu, indiki şəraitdə Rusiya və İranın zəifləməsinin nəticəsi kimi qəbul edilməlidir.
Hər şey nədən belə sürətlə baş verdi? Bəşər Əsədin kifayət qədər vaxtı oldu ki, hazırlaşa bilsin, Suriya ordusunu silahlandirsın. Yalnız xarici qüvvələrə güvənib ölkənin təhlükəsizliyini təmin etmək mümkün deyil. Bunu Suriya prezidenti anlamadı, vaxtında görə və qiymətləndirə bilmədi. Son nəticədə isə bu cür dəhşətli aqibət yaşadı.
Fikrimizcə, bütün dünya bu hadisələri diqqətlə araşdırmalı, müzakirə etməli və zəruri nəticələr çıxarmalıdır".
Dəniz NƏSİRLİ