AZ

Doha Forumunda Azərbaycanın xarici siyasəti barədə məlumat verilib

Bakı, 9 dekabr, AZƏRTAC

Dekabrın 7-8-də Azərbaycanın xarici işlər nazirinin müavini Fariz Rzayev Qətər Dövlətində səfərdə olub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, nazir müavini Qətərdə keçirilən 22-ci Beynəlxalq Doha Forumunda iştirak edib.

Forum dünyamızın üzləşdiyi mühüm problemləri müzakirə etmək üçün qlobal dialoq platformasıdır. Tədbir çərçivəsində F.Rzayev “Mərkəzi Asiya və Qlobal enerji təhlükəsizliyinin yeni erasi” adlı panel sessiyasında iştirak edib. “Azərbaycanın xarici siyasəti” mövzusunda çıxış edən nazir müavini ölkəmizin təşəbbüskarı olduğu enerji və nəqliyyat layihələri, onların regionun inkişafına və təhlükəsizliyinə verdiyi töhfələr, dövlətimizin yaşıl enerjiyə keçid və alternativ enerji mənbələrindən istifadə sahələrindəki siyasəti, habelə COP29 çərçivəsində Azərbaycanın sədrliyi tərəfindən görülmüş işlərdən danışıb.

Eyni zamanda, səfər çərçivəsində F.Rzayevin iştirakı ilə Qətər Universiteti nəzdindəki Körfəz Araşdırmalar Mərkəzində “Azərbaycanın xarici siyasəti” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə F.Rzayev ölkəmizin yürütdüyü xarici siyasət kursu, regionda baş verən cari proseslər, Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına uğurlu sədrliyi və COP29 çərçivəsində qəbul edilmiş qərarlara dair ünvanlanmış sualları cavablandırıb.

Seçilən
9
5
azertag.az

10Mənbələr