“Kəpəz”in kapitanı Yeqor Xvalko apasport.az saytına müsahibə verib.
- "Kəpəz" bu turda "Zirə"yə 0:4 hesabı ilə uduzdu. Yəqin ki, fərqli nəticə gözləyirdin?
- Təbii ki, biz "Zirə" ilə matçda fərqli nəticə gözləyirdik. Oyuna da yaxşı hazırlaşmışdıq. Uğurlu nəticə qazanmağı çox istəyirdik. Matçın gedişində də pis görünmürdük. Qolları isə əks-hücumlardan buraxdıq. Ümumiyyətlə, biz müdafiədə çıxışımızı yaxşılaşdırmalıyıq.
- Məğlubiyyətə əsas səbəb nəyi görürsən? Səncə, hesab nəyə görə bu cür oldu?
- Biz futbol oynamağa çalışdıq. Qol epizodlarımız da var idi. Sadəcə onlardan istifadə edə bilmədik. Həqiqətən də sadə qollar buraxdıq. Bu da, məğlubiyyətimizə gətirib çıxardı. Yoxsa, oyundan yaxşı nəticə ilə ayrıla bilərdik.
- Baş məşqçiniz mətbuat konfransında hakimlərdən narazılıq etdi. Hakimlərin "Kəpəz"ə qərəzini hiss edirsən?
- Məncə, hakim özü də yaxşı oyun keçirdi. Baş məşqçimizin hansı qərar haqda danışdığını bilirəm. Baş məşqçimizin nəzərdə tutduğu epizodu mən görməmişdim. Ona görə də bir şey deyə bilmərəm.
- "Kəpəz" hazırda 9-cu pillədə qərarlaşıb. "Səbail"i cəmi iki xal qabaqlayırsınız. Hazırkı durumu "Kəpəz" üçün necə dəyərləndirirsən?
- Turnir cədvəlindəki mənzərə hansı komandaların Premyer Liqada qalmaq uğrunda mübarizə aparacağını göstərir. Hər halda, biz mübarizəmizi aparırıq. İstənilən oyuna da uğurlu nəticə üçün çıxırıq. İlin sonuna iki oyun qalıb. Hər iki görüş də önəmlidir.
- Yəqin ki, "Kəpəz"in Premyer Liqadan düşməmək uğrunda "Səbail"lə mübarizə aparacağını düşünürsən?
- Nəticələrdə və turnir cədvəlində artıra bilərik. Mövsümün əvvəlindəki və indiki komandamız arasında fərq var. Komanda daha da yaxşılaşır. Üstəlik, mövsümün əsas hissəsi qarşıdadır. Necə olacağını zaman göstərəcək. Biz özümüz uğurlu nəticə üçün çalışacağıq.
- Növbəti turda rəqibiniz "Neftçi"dir. Səfərdə onları məğlub etmək mümkündür? İlk dövrədə bunu etmişdiniz...
- Bu oyunun necə olacağını deyə bilmərəm. İndidən həmin görüşə hazırlaşırıq. "Neftçi" ilə oyuna uğurlu nəticə üçün çıxacağıq. "Neftçi"nin özü də hazırda o qədər də yaxşı formada deyil. Onlar özləri də bunu sübut etməlidirlər. Ona görə də ağır oyun olacağı dəqiqdir.
- Qalib gələcəyiniz təqdirdə "Neftçi" ilə eyni xal toplamış olacaqsız. "Neftçi"nin aktivində 13, "Kəpəz"in aktivində 10 xal var. "Neftçi"nin bu durumu sizin üçün gözlənilməz deyil ki?
- "Neftçi"də nə baş verdiyini bilmirəm. Çünki o klubda deyiləm. Mən bizdə nə baş verdiyini bilirəm. Çünki "Kəpəz"də oynayıram, bu klubun futbolçusuyam. Biz də çalışırıq ki, "Kəpəz"i yaxşı yerlərə gətirib çıxaraq.
“Şahdağ Qusar”dan darmadağın
Fan-klub liderindən etiraf: Rəhbərlik Samir Abasova qarşı bizi doldurmuşdu
FİFA referisi İkinci Liqa matçında
AVRO-2026: Millimizin heyəti açıqlanıb
Slavik Alxasov: "Ümumiyyətlə, penalti necə olur ki?"