AZ

“Suriya olayları ABŞ-la razılaşdırılıb”- Sensasiyalı iddia...

Image

Elşad Həsənov: “Əsəd ona görə çökdü ki, Rusiya bütün gücünü Ukraynaya yönəldib”

Məlum olduğu kimi, noyabrın 27-də Suriya müxalifət silahlı birləşmələri Hələb və İdlib əyalətlərində hökumət qüvvələrinin mövqelərinə genişmiqyaslı hücuma keçib. Dekabrın 7-də axşam saatlarında Suriya prezidenti Bəşər Əsədin əleyhdarları bir neçə böyük şəhəri - Hələb, Həma, Deyr əz-Zor, Dəra və Homsu ələ keçiriblər. 

Ayın 8-də səhər saatlarında onlar Dəməşqə daxil olublar və beləliklə Əsəd rejimi süqut edib. 

Əsəd rejiminin 12 gün ərzində devrilməsi dünyada müxtəlif müzakirələrə səbəb olub. Xüsusən də rejimin əsas himayəçisi olan Rusiyanın Əsəddən belə asan əl götürməsi maraqlı deyilmi? Bununla bağlı bir sıra ehtimallar var. Ola bilər ki, Rusiyanın xeyrinə Ukrayna cəbhəsində Qərbin müəyyən güzəştləri müqabilində Rusiya Əsədi qurban verdi. Ümumən, belə bir razılaşma mümkündürmü? Məsələ ondadır ki, CNN Suriya müxalif ordunun başçısı Colaninin böyük müsahibəsini yaydı. Həmçinin Suriyanın paytaxtı Dəməşq ələ keçirilən gün ABŞ prezidenti seçilən Donald Tramp bəyanat verdi ki, Ukraynaya hərbi dəstəyi azaldacağıq. Bayden administrasiyası rəsmisi Sallivan da dedi ki, Suriyanın Şərqində ABŞ qüvvələri öz fəaliyyətlərini sürdürəcək. O baxımdan bütün bunlar bir sövdələşmənin elementləri ola bilərmi?

“Bazarlıq o zaman ola bilərdi ki, Əsədin arxasında duran ölkələr güclü mövqedə olsunlar”

Sözügedən məsələyə aydınlıq gətirən siyasi ekspert Elşad Həsənov “Bakı-Xəbər”ə açıqlamasında bununla bağlı bir sıra məqamlara toxundu: “Son dövrlər beynəlxalq aləmdə baş verən gərginlik Suriyada pik nöqtəsinə yüksəldi. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iki dəfə Bəşər Əsədi görüşə dəvət etdi, amma o bundan imtina etdi. Nəticədə müxalif qüvvələr Əsədin 24 illik hakimiyyətinə son qoydular. Düşünmürəm ki, burada ciddi razılaşdırılmış oyun var. Ən azından ona görə ki, Rusiyanın Suriyada iki hərbi bazası var. Bu bazalar da həm Aralıq dənizi ilə bağlı, həm də Rusiyanın Afrika siyasəti ilə bağlı mühüm əhəmiyyət kəsb edir. Moskva yaxşı bilir ki, Əsəd rejimindən sonra yeni Suriya hökuməti həmin bazaları orada saxlamaz. Əsəd ona görə çökdü ki, Rusiya bütün gücünü Ukraynaya yönəldib. Rusiyanın ona kömək göndərməyə qüvvəsi qalmamışdı. Çünki hazırkı situasiya 2015-ci ildəki kimi deyildi. Rusiya güc baxımından 9 il əvvəlki ölkə deyil. Problem ondadır ki, Rusiya 3 il ərzində Ukraynada böyük resurslar itirir. Gör nə vəziyyətə çatıblar ki, Şimali Koreyadan əsgər gətirirlər. Əsəd devrilməzdən əvvəl gizli şəkildə Moskvaya səfər etdi, amma Putin ona kömək edə bilməyəcəyini dedi. Digər tərəfdən, vətəndaş müharibəsi səbəbindən Suriyanın iqtisadiyyatı onsuz da dağılmışdı. Güzəranı getdikcə pisləşən əhali və ordu Əsədin getməsini istəyirdi. Əsəd hakimiyyətini ancaq Rusiya və İranın yardımı ilə ayaqda saxlaya bilirdi. Amma Rusiyanın başının Ukraynada qarışması, İranın isə İsrailin “Hizbullah”a vurduğu zərbələrdən sonra ciddi problemlərlə üzləşməsi Əsədi himayədarlarından məhrum etdi. Buna görə də Suriya rejiminin dadına yetişə bilmədilər. O baxımdan düşünmürəm ki, ortada ciddi bir bazarlıq olub. Bazarlıq o zaman ola bilərdi ki, Əsədin arxasında duran Rusiya və İran güclü mövqedə olsunlar. 2015-ci ildə bu ölkələr güclü mövqedə idilər. Nəticədə Əsəd ölkənin 60 faizinə nəzarəti bərpa edə bildi. İndi isə hər iki ölkə zəif durumda olduğu üçün, bu versiya o qədər də real görünmür. ABŞ-ın isə PYD-ni himayə edəcəyi gözlənilən idi. Çünki onlardan hələ ki, öz məqsədləri üçün istifadə edirlər”.

Vidadi ORDAHALLI





Seçilən
43
baki-xeber.com

1Mənbələr