AZ

'AgroChat' Startap yarışının qalibi olub

 İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Enterprise Azerbaijan” portalının “StartUp School 2 – AI for Green Solidarity” layihəsinin qalibi Naxçıvan Dövlət Universitetinin “AgroChat” komandası seçilib.

Fins.az xəbər verir ki, ABŞ-ın Nevada Universitetinin Özmən Sahibkarlıq Mərkəzi və Almaniyanın Süni İntellekt Mərkəzi ilə birgə həyata keçirilən layihənin qalib komandası kimi “AgroChat” Amerika Birləşmiş Ştatlarında (ABŞ) I2B təlimlərində iştirak imkanı qazanıb. Komanda ABŞ-da Azərbaycanı təmsil edəcək. Münsiflərin qərarı ilə layihədə ikinci yeri Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “ClearPath Shepherd”, üçüncü yeri isə Çexiyanın “CZU Pragua” Universitetinin “YellowGo” komandaları qazanıblar.

 “Məzun günü”ndə təşkil olunan hakaton mərhələsinin də qalibi “ClearPath Shepherd” layihəsi müəyyən olunub. Belə ki, hakaton zamanı komandalar ilk olaraq “Pre-Hackathon” mərhələsində mentorların təqdim etdiyi tapşırıqları təqdim ediblər. Münsiflərin dəyərələndirməsindən sonra isə qalib müəyyən edilib.

Qeyd edək ki, “StartUp School 2 – AI for Green Solidarity” layihəsinin münsiflər heyəti Amerika Birləşmiş Ştatlarının Nevada Universitetinin Ozmen Sahibkarlıq Mərkəzinin direktoru Mehmet Serkan Tosun, Alman Süni İntellekt Mərkəzinin baş elmi işçisi ⁠Nicat Mehdiyev, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktor müavini ⁠Rəna Hümbətova, "Sabah.Hub", Vizam.az şirkətinin icraçı direktoru ⁠Baba Ağayev, “Umico” şirkətinin baş mütəxəssisi ⁠Leyla Cahangirovadan ibarət olub.

Bir ilə yaxın davam edən layihənin mentorları ABŞ-ın Nevada Universitetinin professorları Mehmet Tosun və Met Vestfild, Almaniyanın Süni İntellekt Mərkəzinin professoru Andreas Emrix və baş elmi işçisi ⁠Nicat Mehdiyev, Türkiyənin OSTİM Texniki Universitetinin prorektoru, professor Ünsal Sığrı, İdarəetmə İnformasiya Sistemləri şöbəsinin İngilis proqramının rəhbəri Melike Aktaş Bozkurt, Cənubi Afrika Respublikasının Yohannesburq Universitetinin professoru Eldrid Yordan, Oksford Universitetinin Baş proqram mühəndisi Tərlan Süleymanov, Özmən Sahibkarlıq Mərkəzinin proqram koordinatoru və Varşava İqtisadiyyat Məktəbinin dosenti Paveł Pietrasienski, “Enterprise Azerbaijan” portalının rəhbəri Mətanət Musayeva, “Mercedes-Benz Consulting GmbH” şirkətinin süni intellekt üzrə baş məsləhətçisi Günay Kazımova, “Buzzfactory” şirkətinin direktoru və təsisçisi Thieryy Cellerin olub.

Qaliblərə beynəlxalq səviyyəli sertifikatları, hədiyyə və medalları layihənin tərəfdaşları Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov, Ekologiya və Təbii Sərvətlər Nazirinin müşaviri Rüstəm Həsənov, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktor müavini Rəna Hümbətova təqdim ediblər. “StartUp School 2” layihəsinin qalibi “AgroChat” komandasına kubok və hədiyyələri “Enterprise Azerbaijan” portalının rəhbəri Mətanət Musayeva verib. Hədiyyələri “İrşad” mağazalar şəbəkəsi və “Bulutistan” şirkəti təqdim edib.

Zemfira Ms
Fins.az

Seçilən
21
fins.az

1Mənbələr