AZ

Bələdiyyə büdcəsinin gəlirlərinə və xərclərinə nəzarət forması dəyişiləcək

Bakı, 10 dekabr, AZƏRTAC

Bələdiyyə büdcəsinin gəlirləri və xərcləri bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın informasiya sistemində əks olunacaq.

AZƏRTAC xəbər verir ki, bu məsələ parlamentin dekabrın 10-da keçirilən iclasının gündəliyinə daxil edilmiş “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”, “Büdcə sistemi haqqında” və “Nağdsız hesablaşmalar haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsində əksini tapıb.

Qanun layihəsinə əsasən bələdiyyə büdcəsinin xərcləri həmin informasiya sistemi vasitəsilə həyata keçiriləcək. Bu zaman xərclər üzrə ödənişlərin icrasını ödəniş xidməti təchizatçıları (banklar, ödəniş təşkilatları və digər) təmin edəcək.

“Nağdsız hesablaşmalar haqqında” Qanuna əsasən, vergilərin yığımı nağdsız qaydada həyata keçirilir. Bu müddəa bələdiyyə vergilərinə də şamil olunur. Adıçəkilən Qanuna təklif olunan dəyişikliyə əsasən bələdiyyələrə ödənilən xidmət haqları və digər yığımlar üzrə hesablaşmaların da nağdsız qaydada həyata keçirilməsi təklif olunur.

Dəyişikliklər bələdiyyə büdcəsinin formalaşmasının və icrasının elektronlaşdırılmasına, elektron ödəniş üsullarından istifadə etməklə nağdsız qaydada həyata keçirilməsinə, bununla da şəffaflığın təmin olunmasına, yerli büdcənin icrasının və vəsaitlərdən istifadənin səmərəliliyinin artırılmasına xidmət edəcək.

Seçilən
0
4
azertag.az

5Mənbələr