AZ

Kaya Kallas NATO sammitində Viktor Orbanla niyə mübahisə edib? - TƏFƏRRÜAT

Avropa İttifaqı diplomatiyasının yeni rəhbəri Kaya Kallas hələ Estoniyanın baş naziri vəzifəsində olarkən Ukraynanın NATO-ya üzvlüyünə qarşı çıxan Macarıstanın baş naziri Viktor Orbanla açıq mübahisəyə girib.

Qaynarinfo xəbər verir ki, bu barədə "Politico" yazıb.

Qeyd olunur ki, 2024-cü ilin iyulunda Vaşinqtonda NATO sammiti zamanı Orban NATO liderlərinə və orada iştirak edən prezident Volodimir Zelenskiyə bildirib ki, Ukrayna heç vaxt alyansın üzvü olmamalıdır. Sammitdə iştirak edənlərdən birinin dediyinə görə, bu "çox kobud" çıxıb. Orbandan sonra çıxışı planlaşdırılan Kallas hazırladığı nitqi kənara qoyub. 

"O, Orbana birbaşa cavab verdi. Dedi ki, Orban səhv edir. Tarix və faktlar göstərir ki, NATO-nun məqsədi müharibələrdən qaçmaqdır, təhrik etmək deyil", deyə sammitdə iştirak edən diplomatlardan biri nəşrə bildirib.

"Politico" yazır ki, onun nümunəsi bir neçə digər liderləri də hazırlanmış bəyanatları kənara qoymağa və Orban əleyhinə danışmağa sövq edib.
Nəşr əlavə edir ki, Kallas artıq sələfi Cozep Borrellə müqayisədə daha sərt yanaşma nümayiş etdirir. O, həmçinin bildirib ki, Avropa İttifaqı Ukraynanın bu müharibədə qalib gəlməsini istəyir.

"İyulda NATO sammitində Orbanla mübahisə onu deməyə əsas verir ki, diplomat olsun, ya olmasın, Kallas Rusiya tərəfdarlarına heç də yumşaq sözlər deməyəcək", deyə nəşr yazır.

"Politico" yazır ki, 2021-ci ilin yayında Kallas o vaxtkı Almaniya kansleri Angela Merkelin Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi ərəfəsində Rusiya prezidenti Vladimir Putini Aİ sammitinə dəvət etməsinə mane olub. 

Dekabrın 1-də Avropa İttifaqı Şurasının prezidenti Antonio Kosta, Aİ-nin xarici siyasət xidmətinin rəhbəri Kaya Kallas və Aİ-nin genişlənmə üzrə komissarı Marta Kos rəsmi səfərlə Kiyevə gəliblər. Həmin gün Kaya Kallas bildirib ki, Ukrayna ərazisinə xarici hərbçilərin gəlməsini istisna etmək olmaz.

"Bild" iyunun 27-də yazıb ki, Kallas Putinə qarşı sərt mövqe nümayiş etdirir və Ukraynanın ən böyük dəstəkçilərindən biridir. Xüsusilə, o, Avropa silah sənayesini gücləndirmək üçün Avropa Müdafiə Fondunun yaradılması ideyası ilə çıxış edib.

"Bild" Kallası "Putinin qatı rəqibi" və "Dəmir Ledi" adlandırıb. Rusiyada Kallas sovet əsgərlərinin abidələrinin sökülməsini əmr etdiyi üçün axtarışa verilib.

Nizami Bağırov
Seçilən
1
14
qaynarinfo.az

10Mənbələr