AZ

Azərbaycan Xarici İşlər Nazirliyi Suriyada son vəziyyət barədə bəyanat yayıb

Azərbaycan Xarici İşlər Nazirliyi Suriyada son vəziyyət barədə bəyanat yayıb.

Bəyanatı təqdim edirik: "Azərbaycan Respublikası Suriyada baş verən prosesləri izləyir. Bu çərçivədə, eyni zamanda, qardaş Türkiyə ilə məsləhətləşmələr həyata keçirilir.

Suriyada Bəşər əl-Əsəd rejiminin çökməsindən sonra ölkədə sülhün və sabitliyin bərpa olunması, vətəndaş qarşıdurmasına son qoyulması mütləq dərəcədə vacibdir.

Azərbaycan Respublikası Suriyanın ərazi bütövlüyü və suverenliyinə dəstəyini bir daha ifadə edir, Suriya xalqının iradəsinə uyğun şəkildə, habelə ölkədaxili siyasi dialoq vasitəsilə məsələlərin həllini tapacağına ümidvar olduğunu bildirir.

Azərbaycan Respublikası qardaş Türkiyə Respublikası və digər həmfikir tərəfdaşlarla birlikdə Suriya xalqının üzləşdiyi humanitar problemlərin aradan qaldırılmasına töhfə verməyə hazırdır.

Eyni zamanda, Azərbaycan Respublikasının Suriyada səfirliyinin mövcud olmamasına baxmayaraq, Suriyada Azərbaycan vətəndaşlarının sayının və yerinin müəyyən edilməsi istiqamətində iş aparılır. Azərbaycan Respublikası, həmçinin 2020-ci ildən başlayaraq Türkiyə Respublikasının ərazisi vasitəsilə həyata keçirilməkdə olan vətəndaşlarımızın Suriya Ərəb Respublikasından ölkəmizə repatriasiyası işini davam etdirəcək.

Azərbaycan Respublikası Suriyada vəziyyət sabitləşəndən sonra Azərbaycanla Suriya arasında ikitərəfli münasibətlərin bərpa olunacağına, əməkdaşlığın qarşılıqlı dostluq və tərəfdaşlıq prinsipi əsasında inkişaf edəcəyinə ümidvardır".

Seçilən
9
50
xalqqazeti.az

10Mənbələr