Müdafiə Nazirliyinin həlak olan hərbi qulluqçusu Tarverdi Cəfərli ilə bağlı yeni detallar məlum olub.
Yaxınlarının Modern.az-a verdiyi məlumata görə, o, 2006-cı ildə İmişli rayonunun Qızılkənd kəndində anadan olub.
Ailədə 2 uşaq olublar. Tarverdinin özündən kiçik qardaşı orta məktəbdə oxuyur.
O, orta məktəbi bitirdikdən sonra bu ilin yanvar ayında Naxçıvana hərbi xidmətə yola salınıb.
Hərbi qulluqçu bu gün doğulduğu kənddə dəfn ediləcək.
Mail AĞAXANOV
***
22:30
Müdafiə Nazirliyinin həlak olan hərbi qulluqçusu Tarverdi Cəfərli İmişli rayonundandır.
Modern.az-ın məlumatına görə, o, rayonun Qızılkənd kəndindəndir.
Hərbi qulluqçu doğulduğu kənddə torpağa tapşırılacaq.
***
21:44
Azərbaycan Ordusunun hərbçisi həlak olub.
Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Azərbaycan hərbi prokurorunun böyük köməkçisi - Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev məlumat verib.
Fotoda: Firad Əliyev
Bildirilir ki, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Cəfərli Tarıverdi Zaur oğlunun odlu silahdan açılmış atəş nəticəsində ölməsi barədə Naxçıvan hərbi prokurorluğuna məlumat daxil olub.
Daxil olmuş məlumat əsasında Naxçıvan hərbi prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülmüş və digər hərəkətlər icra edilib.
Fakt üzrə Naxçıvan hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müxtəlif ekspertizalar təyin edilərək, icraya yönəldilmiş və digər istintaq hərəkətləri həyata keçirilib.
Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin olunacaqdır.
Allah hərbçimizə rəhmət eləsin!