AZ

İsveç polisi Nobel həftəsində təhlükəsizlik tədbirlərini artırıb

Stokholm, 11 dekabr, Nərgiz Cəfərli, AZƏRTAC

İsveç polisi Ukraynadakı müharibə, İsrail və HƏMAS arasındakı münaqişə və Suriyadakı qeyri-sabit vəziyyətlə əlaqədar Nobel həftəsində təhlükəsizliyi artırıb.

AZƏRTAC xəbər verir ki, Stokholm meriyasında keçirilən Nobel mükafatı mərasimi və ziyafətlə əlaqədar yüksək səviyyədə mühafizə tədbirlərinin görülməsi tələb olunurdu.

Polis operativ qərargah rəisi Teres Tyeder Franzenin sözlərinə görə, onlar etiraz aksiyaları ehtimalını və terror təhlükəsinin yüksək səviyyədə olduğunu (5-dən 4-ü) nəzərə alıblar.

Bununla əlaqədar olaraq polis Stokholmun mərkəzində patrul xidmətini gücləndirib, videokameraların sayını artırıb və vəziyyəti müşahidə etmək üçün dronlardan istifadə edib.

“Biz cəlb edilən əməkdaşların dəqiq sayını və ya hərəkətlərimizin təfərrüatlarını açıqlamırıq. Lakin Stokholm mərkəzinin bəzi yerlərində gücləndirilmiş silahla polisə rast gəlmək mümkün olacaq”, - deyə Franzen hadisələr başlamazdan əvvəl qeyd edib.

Xüsusi polis əməliyyatı Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə həyata keçirilib. Hakimiyyət orqanları vurğulayır ki, 2022-ci ildən beynəlxalq vəziyyət xeyli pisləşib və bu, Nobel Həftəsi kimi böyük tədbirlərə hazırlığa və təhlükəsizliyin təmin edilməsinə birbaşa təsir göstərir.

Seçilən
6
azertag.az

1Mənbələr