"Goldman Sachs" (GS) bildirib ki, ABŞ Federal Ehtiyat Sistemi (Fed) faiz dərəcələrini daha da azaltmasa, qızılın 2025-ci ilin sonuna qədər 3.000 dollar səviyyəsinə çatması çətinləşə bilər.
Bankın analitikləri hesab edir ki, əgər Fed yalnız 25 baza bəndi faiz endirimi etsə, qızılın qiyməti 2024-cü ilin sonuna qədər 2.890 dollar səviyyəsinə yüksələ bilər. Bununla belə, dolların güclü qalmasının qızılın qiymətinə təsir etməsi gözlənilmir. Analitiklərin fikrincə, əlavə 125 baza bəndi faiz endirimi qızılın qiymətində 7% artıma səbəb ola bilər.
"Wells Fargo": "Qızıl tələbi artacaq"
"Wells Fargo" (WFC) isə bildirir ki, inkişaf etməkdə olan ölkələrin mərkəzi bankları 2025-ci ilə qədər qızıla olan tələbi artıracaq. Bankın analitiklərinə görə, güclü ABŞ iqtisadiyyatı dolların dəyərini yüksək səviyyədə saxlayır. Buna baxmayaraq, Fed-in faiz endirimləri dayandırması qızıl investisiyalarını çətinləşdirə bilər.
"Wells Fargo"-nun əmtəə bazarı üzrə mütəxəssisi Con LaForc (John LaForge) investorların neft və qızılı əhatə edən geniş portfel yaratmalarını tövsiyə edir. O, 2025-ci ilə qədər qızılın qiymətinin 2.800-2.900 dollar arasında dəyişəcəyini proqnozlaşdırır.
"BlackRock": "Faiz endirimləri investor davranışlarına təsir edəcək"
"BlackRock" (BLK) bildirir ki, Fed-in faiz endirimləri investorları nağd puldan uzaqlaşdıraraq səhmlərə və istiqrazlara yönləndirə bilər. Şirkətin maliyyə direktoru Martin Smoll (Martin Small) qeyd edir ki, faiz endirimləri investorların risk almağa daha meylli olmasına səbəb ola bilər.
Digər tərəfdən, hazırkı məlumatlar göstərir ki, bir çox investor hələ də etibarlı sığınacaq olaraq nağd pulu üstün tutur. ABŞ pul bazarındakı fondların aktivlərində ciddi artım müşahidə edilir. Smoll vurğulayıb ki, siyasi və iqtisadi qeyri-müəyyənliklər investorların bu mövqeyini dəstəkləyir.
Valyuta.Az