AZ

Cavanşir Feyziyev Beynəlxalq Elmi Konfransda rəhbərlik etdiyi “Mahmud Kaşqari adına Beynəlxalq Fond”un fəaliyyətindən danışıb

9-10 dekabr tarixlərində Bakıda Mahmud Kaşqari adına Beynəlxalq Fondun, Azərbaycan Dövlət Pedaqoji Universitetin Türkoloji Mərkəzinin, AMEA Nəsimi adına Dilçilik İnstitutunun, Türkiyənin İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutu – İKSAD-ın təşkilatçılığı ilə “Mahmud Kaşğarlı: 2-ci beynəlxalq elm, mədəniyyət və təhsil konfransı” keçirilib.
Konfransın elmi həmsədri, Mahmud Kaşqari adına Beynəlxalq Fondun Prezidenti, millət vəkili Cavanşir Feyziyev rəhbərlik etdiyi “Mahmud Kaşqari adına Beynəlxalq Fond”un gördüyü işlər, iştirak etdiyi beynəlxalq kitab sərgiləri və elmi simpoziumlar haqqında geniş məruzə ilə çıxış edib.

Millət vəkili Cavanşir Feyziyevin çıxışını təqdim edirik:

Bu il Türk dünyasının ortaq elmi irsi olan “Divani-Lüğət-it Türk”ün yazılmasından 950 il keçir. Türk yazılı ədəbiyyatının ən dəyərli incilərindən biri olan bu əsər türklüyün və türkçülüyün ensiklopediyası hesab olunur. Bu gün bütün türk dövlətlərinin xarici siyasətində aparıcı istiqamətə çevrilməkdə olan türkçülük ideologiyası dövlət siyasəti statusu qazanmaqdadır. Bu ilin 23 sentyabrında 7-ci Çağırış Milli Məclisin açılış sessiyasında çıxış edən Prezident İlham Əliyev demişdir: “Bu, bizim üçün prioritetdir, … indi aparılan siyasət də hər kəsə bunu aydın göstərir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır.” Bu çıxış bütün türk ölkələrinin siyasi – iqtisadi qurumları ilə bərabər həm də bu ölkələrin mədəni-elmi dairələri üçün birliyə çağırışı idi. Bu ortaq tarixi, mədəni və elmi-ədəbi irsimiz əsasında bütün türk xalqlarının xoşbəxt gələcyini birlikdə qurmağa çağırış idi. Bu çağırışın işığında türkçülük ideyasının məhək daşlarından biri olan Divani – lüğət – it türkün 950 illiyi bütün türk ölkələrində xüsusi həssaslıqla və ortaq tariximizə və mədəni irsimizə böyük qayğı və məhəbbətlə qeyd olunur. Bu günkü konfransın da “Mahmud Kaşqarlı” egidası altında keçirilməsi və bu konfransda “Mahmud Kaşğalı” beynəlxalq elmi jurnalının təqdimatı Azərbaycan elm cameəsinin dövlətimiz və prezidentimiz tərəfindən aparılan siyasətə dəstəyinin ifadəsidir. Konfransın proqramından və konfransa təqdim edilmiş məqalələrin siyahısından bəlli olur ki, bütün türk ölkələrinin elmi-ədəbi dairələrində ümumtürk birliyi ideyasına xüsusi məhəbbətlə yanaşılır və çoxsaylı alimlərimizin hər biri öz töhfəsini verməyə çalışır.
Bu ilin aprel ayından etibarən rəhbərlik etdiyim Mahmud Kaşqarlı adına Beynəlxalq Fondun fəaliyyəti də məhz bu siyasətin həyata keçirilməsində fəal rol almağa çalışıb. Keçən 8 ay ərzində biz Bakıda AMEA-nın rəhbərliyi ilə keçirilən beynəlxalq elmi simpoziumda, Türkiyənin Türk Dil Qurumunun təşkilatçılığı ilə Kahramanmaraşda keçirilən beynəlxalq elmi konfransda, Bişkekdə “Divani-lüğat-it türk” türk dünyasının ortaq irsi” mövzusunda təşkil olunmuş beynəlxalq konfranslarda iştirak etmişik.
Mahmud Kaşğari Fondu olaraq bizim həmsədrliyimiz; “Odlar Yurdu” Universitetinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Türkoloji Mərkəzinin və “Mahmud Kaşğari” Beynəlxalq Elmi jurnalının, AMEAnın Nəsimi adına Dilçilik İnstitutu və İKSAD Sosial Araşdırmalar İnstitutu ilə birgə əməkdaşlığımız əsasında bugünkü elmi konfransın keçirilməsi də bu istiqamətdə göstərdiyimiz səylərin davamıdır.
Türk milli məfkurəsinə söykənən, bütün fəaliyyətini ümumtürk mədəniyyəti, tarixi, linqvistikası, etnoqrafiyası, elmi ədəbiyyatşünaslığına dair tərcümə, nəşr və araşdırma istiqamətində kökləyən Fondumuz bu qısa vaxt ərzində Türk dünyası üçün əhəmiyyətli 15 kitabın uğurlu nəşrinə nail olub.
Məndən öncə çıxış edən hörmətli Mahirə xanımın qeyd etdiyi kimi, Azərbaycan Dövlət Pedaqoji Universitetində yaradılan “Türkoloji Mərkəz”in nəşri olaraq “Mahmud Kaşğari” jurnalı müntəzəm işıq üzü görür. Və bu tədbirdə həmin jurnalın təqdimi özü də əlamətdar bir hadisə oldu.
Hesab edirəm ki, Mahmud Kaşğari adına Beynəlxalq Fonda rəhbərlik etdiyim aprel ayından etibarən elmi-nəzəri, ədəbi-mədəni müstəvidə gördüyümüz işlərə dair bu gün biz də müəyyən qədər hesabat verə bilərik.
Bu mənada, Kaşğari Fondunun layihəsi əsasında işıq üzü görən Qazax ədəbiyyatının kimliyi, milli pasportu hesab olunan Abay Kunanbayevin poemaları, şeirləri, “Qara sözlər”əsərindən ibarət “Könüldə işıq varsa” kitabı, Xoca Əhməd Yəsəvinin “Divani-hikmət”i, Oljas Süleymenovun “Tanrının təbəssümü” adlanan şeirlər toplusu, Rollan Seysenbayevin “Dünyanın çökdüyü gün” romanına bənzər çoxşaxəli kompozisiyası və problematikası olan “Qaçış” romanı, Uluqbəy Esdövlətin “Dağların və çöllərin nəğmələri” kitabı, 44 günlük Qarabağ savaşında qələmi və qəlbi ilə Azərbaycanla həmrəy olan qazax qardaşımız Dövlətgərəy Kəpoğlunun “Üşüyən küçələr” kitabları Azərbaycan-Qazax mədəni əlaqələrinin inkişafına Fondumuz tərəfimizdən verməkistədiyimiz bir töhfədir.
Bu il anadan olmasının 100-cü ildönümü qeyd olunan, Türk ədəbiyyatı Vəqfinin yaradıcısı, “Türk ədəbiyyatı” dərgisinin baş redaktoru olmuş görkəmli ədəbiyyatşünas, 5 cildlik “Türk ədəbiyyatı”nın müəllifi Ahmet Kabaklının “Türkiyəni yoğuranlar” adlı ədəbi-publisistik əsərinin, görkəmli türk alimi Nazmi Bayrının “Azərbaycandan Anadoluya axan türkcə” araşdırma kitablarının nəşri isə qardaş Türkiyə – Azərbaycan elmi-mədəni əlaqələrinə verilən diqqətin təzahürüdür.
Fondun ən maraqlı layihələrindən biri də Udmurt xalq yazıçısı Vyaçeslav Ar-Serginin “Sonuncu hərbi əmr” kitabını Azərbaycan türkcəsinə çevirməyimiz oldu ki, bu da udmurt ədəbiyyat nümunəsinin Azərbaycanda ilk tərcümə nəşridir.
Hal-hazırda görkəmli filosof şair Hüseyn Cavidin, Mir Cəlal Paşayevin, Muxtar Auezovun, Məhəmməd İqbalın, Sultan Raevin nəşr olunacaq kitabları üzərində çalışırıq, o cümlədən Özbəkistan – Azərbaycan mədəniyyəti, incəsənəti, ortaq köklərə söykənən memarlığı, musiqisi, incəsənəti və ədəbiyyatına dair elmi -nəzəri toplu hazırlayırıq. Türkiyə Yazıçılar Birliyi ilə birgə layihəmiz əsasında ölkəmizin elmi-mədəni və ictimai mühitində zəngin erudisiyası, peşəkarlığı, zəhmətkeşliyi, təvazökarlığı və vətənpərvərliyi ilə seçilən dilçi alim, professor, şair Mahirə Nağıqızının yubileyi münasibətilə Türkiyə türkcəsində nəşr olunan “Ədəbiyyat, kültür, sanat” dərgisinin xüsusi buraxılışını çapa hazırlayıq.
Bu müddət ərzində ölkə xaricində keçirilən 1 beynəlxalq kitab sərgisində və 12 elmi konfransda məruzə ilə iştirak etmişik.
Ümid edirəm ki, bu gün hörmətli Əhməd müəllimin rəhbərlik etdiyi bu təhsil ocağının ev sahibliyi ilə, hörmətli Nadir müəllimin rəhbərliyi ilə AMEAnın Nəsimi adına Dilçilik İnstitutu, hörmətli Mahirə xanımın rəhbərliyi ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Türkoloji Mərkəz”i, Şəkər xanımın baş redaktorluğunda “Mahmud Kaşğari” jurnalı, dəyərli məsləkdaşımız Mustafa Latif Emeyin başqanlığında İKSAD Sosial Araşdırmalar İnstitutu ilə birgə keçirdiyimiz bu tədbir də uğurlu nəticələrlə yadda qalacaq və gələcək görüşlərimiz üçün bir başlanğıc olacaq.
Əminəm ki, təməlində elmin və mədəniyyətin dayandığı bu əlaqələr ölkələrimiz, qardaş xalqlarımız arasında birlik və bərabərliyin daha da möhkəmlənməsinə xidmət edəcək.
Diqqətinizə görə minnətdarlığımı bildirir və konfransın işinə uğurlar arzulayıram!

Seçilən
11
18
xalq.az

10Mənbələr