AZ

Ermənistan Əsəd rejiminin devrilməsindən əndişələnir

Bəşər Əsəd rejiminin devrilməsi Ermənistanda da ciddi müzakirə mövzusu olaraq qalır. Erməni ekspertlər “tarixi dost” hesab etdikləri Suriyada hakimiyyət dəyişikliyinin Ermənistana da təsir göstərəcəyini bildirirlər. Xüsusilə də Suriyada yaşayan erməni icmasının sonrakı taleyi İrəvanda narahatlıq doğurur. Ona görə ki, ermənilər rəsmi Dəməşqlə körpü rolunu oynayan diaspor rıçaqından məhrum olurlar və eyni zamanda, Bəşər Əsədin timsalında “erməni məsələsi”ni gündəmdə saxlayan rejimlə əlaqələrini itirirlər. Bəzi siyasi ekspertlər isə Suriya kartının vurulmasının Ermənistanın geosiyasi vəziyyətinin daha da pisləşməsinə yol açacağını düşünürlər.  

Suriyadakı erməni icması tarixi köklərə malikdir və uzun müddət ən böyük icmalardan biri hesab olunur. Hakimiyyət dəyişikliyi ilə əlaqədar olaraq bu ölkədə ermənilərin təhlükəsiz yaşaması Ermənistanda, eləcə də dünya erməni diasporunda ciddi narahatlıq doğurur. Dekabrın 5-nə qədər erməni icmasının silahlılar tərəfindən ələ keçirilən Hələb şəhərində qaldığı bildirilir. Ermənistan hakimiyyəti onların təxliyyəsinə kömək etməyə hazır olduqlarını bəyan etsə də, hələlik şəhərdən çıxışı təmin etmək və ya humanitar yardım çatdırmaq mümkün deyil. Dekabrın 8-də Ermənistan xarici işlər nazirliyi Dəməşqdəki səfirliyinin diplomatik heyətinin Beyrutdan işini müvəqqəti olaraq davam etdirdiyini və ermənilərin Suriyadan çıxarılmasının mümkünsüz olduğunu açıqlamışdı. Amma Suriyada hərbi əməliyyatların intensivləşməsi ilə əlaqədar Ermənistan bir qrup “minatəmizləmə mütəxəssisini” və “tibb işçilərini” ölkəyə qaytardığını bildirir. İrəvanın 83 nəfərlik “humanitar” kontingenti 2019-cu ilin fevralından Suriyada işləyirdi.

Əslində, Ermənistan və erməni diasporu Suriyadakı erməni icmasının ölkəni tərk etməsinin əleyhinədir. İstər Hələbdəki erməni icmasının rəhbərliyi, istərsə də İrəvandan səsləndirilən bəyanatlar belə deməyə əsas verir. Məsələn, erməni Patriarxlığı Suriyada yaşayan erməniləri ölkədəki mövcud dəyişikliklər dövründə təmkinli və ehtiyatlı olmağa, yalnız fövqəladə hallarda evlərini tərk etməyə çağırmışdı. Patriarxlıq qeyd etmişdi ki, Suriya erməniləri ölkədə qalaraq ölkənin bərpasında iştirak etməyə çalışmalıdırlar. Yəni erməni kilsəsi bununla “Suriyada qalın” mesajını çatdırmağa tələsmişdi.

Əlbəttə, erməni kilsəsinin və diasporun, eləcə də rəsmi İrəvanın əndişə keçirməsinin səbəbləri var. Ermənistan və Suriya arasında münasibətlərin formalaşmasında erməni icması böyük rol oynamışdı. SSRİ-nin dağılmasından sonra iki ölkə münasibətlərinin inkişafı üçün əsas rol oynayan amil də məhz erməni icması olmuşdu. Bununla belə, Ermənistan üçün həm Suriyanın, həm də Suriya üçün Ermənistanın heç vaxt əsas siyasi və iqtisadi tərəfdaş olmadıqları da məlumdur. Buna baxmayaraq, Suriya münaqişəsi kontekstində Ermənistan Bəşər Əsəd rejiminə yardım göstərmək üçün çox fəal addımlar atmağa başlamışdı və bu, Suriya dövləti tərəfindən yüksək qiymətləndirilmişdi. Rəsmi Dəməşqin ermənilərə minnətdarlığı Qarabağ münaqişəsi zamanı birtərəfli mövqe tutması olmuşdu. 

Ermənistan ilə Suriya arasında rəsmi ikitərəfli münasibətlərin qurulması 1992-ci ilə təsadüf edir. Həmin ildə də Ermənistanın Dəməşqdə səfirliyi açılmışdı və beş il sonra, 1997-ci ildə İrəvanda Suriyanın səfirliyi fəaliyyətə başlamışdı. Eyni zamanda, Ermənistanın Suriyadakı diplomatik nümayəndəliyi Dəməşqdəki səfirliklə məhdudlaşmırdı: onunla yanaşı, Hələbdə Ermənistanın baş konsulluğu (1993-cü ildən) və Deyr əz-Əz-Zorda fəxri konsulluğu da (2010-cu ildən) fəaliyyət göstərirdi. Ermənistanın Hələbdə baş konsulluğunun açılması orada xeyli erməni əhalisinin olması ilə bağlı idi. İddialara görə, 1928-ci ildən bəri ermənilər Suriya qanunverici orqanında mütəmadi olaraq iştirak edir və yüksək rütbəli hərbçilər Suriya ordusunda qulluq göstərirdilər. 

Bu da bir həqiqətdir ki, Ermənistanın Suriyada diplomatik nümayəndəliklərinin fəaliyyətə başlaması əsasən yerli erməni icmasının səyləri nəticəsində mümkün olmuşdu. Xüsusilə icma nümayəndələri Dəməşqdə səfirliyin açılışı zamanı maddi yardım göstərmiş, diplomatik missiyanın əməkdaşları ilə yerli hakimiyyət orqanları və cəmiyyət arasında əlaqələrin yaradılmasına hər cür töhfə vermişdilər. Suriyadakı münaqişədən sonra Ermənistan–Suriya münasibətləri yeni mərhələyə qədəm qoymuşdu. Hərbi əməliyyatların başlaması ilə Ermənistan bu ölkədə baş verən hadisələrdən kənarda qala bilmədi, münaqişə illərində Suriya hökuməti ilə rəsmi əlaqələri davam etdirdi. Bununla yanaşı, İrəvan Bəşər Əsəd rejiminə hərbi, tibbi yardım göstərməklə Suriya hökumətinin xalqına qarşı mübarizədə dəstəyini əsirgəmədi.

Münaqişənin ilkin mərhələlərində Ermənistan Suriya istiqamətində fəal siyasət yürütməsə də, zaman keçdikcə konkret addımlar atmağa başlamışdı. Belə ki, 
2016-cı ilin oktyabr ayından başlayaraq Suriyaya humanitar yardım adı ilə Dəməşqə hərbi dəstək göstərmişdi. Bunun müqabilində Bəşər Əsəd rejimi 2020-ci ilin fevralında “erməni soyqırımı”nı tanıyan qətnaməni təsdiqləmişdi. Ermənilər də etiraf edirlər ki, qətnamənin ortaya çıxması Suriya–Ermənistan dostluq komitəsinin fəal işi və Suriyadakı erməni strukturlarının “soyqırımın” tanınması problemi ilə bağlı ictimai rəyin formalaşmasına yönəlmiş fəaliyyəti sayəsində mümkün olmuşdu.

Təbii ki, Suriya hər bir erməni üçün “doğma” yerdir. Çünki erməni separatizmini və terrorunu dəstəkləyən, “Böyük Ermənistan” xülyası uğrunda günahsız insanları öldürən bir çox cani və qatilin məhz Suriyada yaşayan erməni icmasından çıxması hamıya məlumdur. Məsələn, Ermənistanın “milli qəhrəman” saydığı Varujan Karapetyan terrorçudur. Ermənistan əsilli Suriya vətəndaşı olan Karapetyan erməni terror təşkilatı ASALA (Ermənistanın Azadlığı Naminə Erməni Gizli Ordusu) üzvü olmuşdu. 1983-cü il iyulun 15-də ASALA-nın Fransa bölməsinin o vaxtkı 20 yaşlı rəhbəri Karapetyan Parisin Orli hava limanının cənub terminalında Türk Hava Yollarının qeydiyyat məntəqəsində çamadanda bomba qoymuşdu. Bu, ASALA-nın “erməni soyqırımı”nın türklər tərəfindən tanınması üçün Türkiyə ilə mübarizə üzrə qlobal kampaniyasının bir hissəsi olmuşdu.

Qarabağ müharibəsində Azərbaycana qarşı savaşanda ermənilərin xarici ölkələrdən muzdlular cəlb etməsi barədə xəbərlər yeni deyil. Birinci və İkinci Qarabağ müharibələri zamanı erməni cəbhəsində dünyanın müxtəlif ölkələrindən, o cümlədən Suriyadan və Livandan olan yaraqlılar fəal şəkildə iştirak etmişdilər. ASALA terror təşkilatının üzvü Monte Melkonyan Qarabağ müharibəsində məhz xarici muzdlulardan təşkil olunmuş batalyonun komandiri olmuşdu. Qarabağ müharibəsində ən qəddar və amansız olanlar da məhz xarici muzdluların olduqları bildirilirdi. İndi Suriyadakı rejimin çökməsindən sonra İrəvanın, eləcə də erməni diasporunun yerli erməni aktivindən istifadə etmək imkanları tükəndi. Bu xarici aktivin itirilməsi indi ermənilər tərəfindən çox ağrılı qarşılanır və Əsəd rejiminin çökməsi Ermənistanın maraqlarına ciddi zərbə kimi qiymətləndirilir.

Səbuhi MƏMMƏDOV 
XQ

 

Seçilən
8
50
xalqqazeti.az

10Mənbələr