Dekabrın 13-də İstanbulda növbəti Beynəlxalq Strateji Kommunikasiya Sammiti - “Stratcom 24” işə başlayacaq.
Tədbir Türkiyə Prezident Administrasiyası İctimaiyyətlə Əlaqələr Departamentinin təşkilatçılığı ilə baş tutacaq.
Strateji kommunikasiya sahəsi üzrə dünyanın qabaqcıl rəhbərləri, mütəxəssisləri və peşəkarlarını yenidən bir araya gətirəcək tədbirdə bu il “Kommunikasiya və süni intellekt: tendensiyalar, tələlər və transformasiya” mövzusu təhlil ediləcək.
“Stratcom 24” yeni texnologiyalar və süni intellektin kommunikasiya sahəsində təqdim etdiyi yeni imkanlar və təcrübələr üzərində dayanmağı, eyni zamanda bunun yarada biləcəyi müxtəlif problemlərə diqqət çəkməyi planlaşdırır.
Sammitdə süni intellektin yaratdığı imkanlar və risklər, bu üsulla xəbərləşmə, ənənəvi mediada yeni texnologiyaların istifadəsi, yeni mediada məzmun istehsalı, dezinformasiya və məlumat qarışıqlıqları ilə mübarizə, informasiya təhlükəsizliyi və etik məsələlər, eləcə də əməkdaşlıq və informasiya mübadiləsinin gücləndirilməsi kimi mövzular ətrafında fikir mübadiləsi aparılacaq.