AZ

Türkiyə-ABŞ qarşıdurması: Ərdoğan, terrorçuları dəstəkləyən Baydenə savaş açır

Bayden administrasiyası rəsmi Ankaranın siyasi-diplomatik təzyiqləri qarşısında geri çəkilmək məcburiyyətində qalıb, Ağ Evin yeni sahibi isə PKK/PYD-ni ümumiyyətlə, hesabdan silmək niyyətindədir... Yeni prezident Donald Trampın “ABŞ hərbi bazaları PKK/PYD ucbatından Suriyada əbədi qala bilməz” məzmunlu açıqlaması bu terror təşkilatının Suriya ərazisində “dəfn mərasimi”nin artıq başlandığını göstərir...

Suriya böhranının böyük ölçüdə nizamlanması Yaxın Şərq regionunda geopolitik proseslərin inkişaf istiqamətlərini dəyişməyə başlayıb. Belə ki, hazırda Yaxın Şərqdə qüvvələr nisbəti böyük sürətlə dəyişməyə doğru yönəlib. Bu regionda önəmli geopoltik təsir gücünə malik olmuş iki dövlət artıq oyundan kənara vəziyyətə salınmış kimi görünür. Hər halda, Əsəd rejiminin sıradan çıxarılmasından sonra Rusiya və İran artıq Yaxın Şərq regionunda əvvəlki qədər güclü geopolitik manevr mexanizmlərinə malik deyil. Və bu, Yaxın Şərqin yenidən dizayn edilməsi prosesində həlledici faktorların sırasına daxildir.

Onu da qeyd etmək lazımdır ki, Suriyada Əsəd rejiminin sıradan çıxarılmasında Türkiyənin həlledici rolu inkaredilməz reallıqdır. Bu səbəbdən də, Əsəd rejiminin əsas dəstəkçiləri olan Rusiya və İranın Türkiyənin mövqeyindən narazı qalması qətiyyən gözlənilməz deyil. Çünki rəsmi Ankara dəqiq hesablanmış geopolitik manevrlərlə yalnız Əsəd rejiminin sonunu gətirməklə kifayətlənməyib. Yəni, bu, həm də Yaxın Şərqin yenidən dizayn ediıməsi prosesində Rusiya və İranı kənar müşahidəçi durumuna salıb. Və indi Türkiyənin bu iki önəmli dövlətlə münacibətlərində müəyyən ziddiyyətlərin yaranmaqda olduğu müşahidə olunur.

Ancaq rəsmi Ankaranın bütün bunlardan böyük məyusluq duyduğunu iddia etmək də bir qədər çətindir. Çünki Türkiyə nəhayət ki, milli təhlükəsizlik maraqlarına təhdid hesab etdiyi Suriya böhranını məhz öz şərtləri çərçivəsində nizamlamaq şansı qazanıb. Rəsmi Ankara analoji situasiyanın yaranması üçün illərlə hazırlaşıb və səbrlə gözləyib.

Təbii ki, belə bir önəmli geopolitik şansı əldən buraxmaq olmazdı. Rəsmi Ankarada Əsəd rejiminin çökdürülməsi ilə Türkiyənin Yaxın Şərq regionunda əsas siyasi iradə mərkəzinə çevrilməsinə nail oldu. Bu baxımdan, Suriyada cərəyan edən hərbi-siyasi proseslərin hazırda əsas qalibi olan Türkiyə öz prioritet hədəflərinin reallaşdırılmasında qətiyyətli davranmaq niyyətini də gizlətmir. Və növbəti mərhələdə rəsmi Ankaranın qarşısına yeni geopoltik rəqiblərin çıxacağı da qətiyyən şübhə doğurmur.

Məsələ ondadır ki, Suriyada Türkiyənin qarşısında ABŞ kimi qəliz əngəl də mövcuddur. Belə ki, Ağ Ev Yaxın Şərqi öz şərtlərinə və İsrailin maraqlarına uyğun dizayn etməyə çalışdığını biruzə verir. Hazırda ABŞ-ın Suriya ərazisində hərbi bazaları mövcuddur. ABŞ hərbi kontingenti daha çox Suriyanın enerji resursları qaynaqları ilə zəngin olan bölgələrində yerləşir. Və bu, Türkiyə üçün kifayət qədər ciddi problemdir.

Onu da nəzərə almaq lazımdır ki, rəsmi Ankara ABŞ və Qərbdən fərqli olaraq, Suriyanın ərazi bütövlüyünü və suverenliyini birmənalı şəkildə dəstəkləyir. Türkiyənin milli təhlükəsizlik maraqları baxımından, Suriyanın vahid dövlət modelində mövcudluğu strateji hədəf rolunu oynayır. Yəni, rəsmi Ankara hesab edir ki, Suriyanın yeni hökumətinin siyasi iradəsi bu ölkəninin bütün ərazisini əhatə etməlidir. Və beynəlxalq hüquq normalarına bağlı bu önəmli mövqenin qarşısındasa, hazırda əsasən ABŞ-ın Yaxın Şərqdəki maraqları dayanır.

Belə anlaşılır ki, əgər, Ağ Ev Suriyada vahid dövlət modelinin bərqərar olmasına əngəl törədərsə, Rusiya və İrandan sonra Türkiyənin ABŞ-la da münasibətlərində müəyyən problemlər yarana bilər. Çünki Ağ Ev ABŞ-ın hərbi bazalarının yerləşdiyi, Suriya ərazisinin təxminən 25 faizinə bərabər bir bölgədə kürd muxtariyyatının qurulmasında maraqlı olduğunu qətiyyən gizlətmir. Və burada əsasən iki önəmli hədəf mövcuddur.

Suriyanın həmin bölgəsi enerji resursları ilə zəngindir. Ağ Ev isə Suriyanın enerji resurslarını məhz ABŞ-ın nəzarətində qalmasını istəyir. Buna nail olmaq üçünsə, Ağ Evin Suriyanın həmin regionunda kürd müxtariyyatı adı altında, sonradan müstəqil dövlətə çevrilmə hədəfli “geopolitik alətə” ehtiyacı var. Halbuki, ABŞ-ın öz nəzarətində saxlamağı hədəflədiyi bölgədə kürdlər etnik azlıq vəziyyətindədirlər. Və bu baxımdan, ABŞ-ın qarşısında da kifayət qədər qəliz problem dayanır.

Düzdür, Ağ Ev Suriyanın enerji bölgəsini hələlik ABŞ hərbi bazaları və PKK/PYD terror təşkilatının sayəsində nəzarətdə saxlamağa nail ola bilir. Ona görə də, beynəlxalq məkanda ABŞ-ın terrorizmlə əsas mübarizə mərkəzi kimi təqdim etməyə çalışan Ağ Ev PKK/PYD terror təşkilatına hər çür dəstəyi verir. ABŞ PKK/PYD terror təşkilatını maliyyələşdirir, terrorçuları silahlandırır və onlara döyüş təlimi keçir. Və bu səbəbdən də, NATO üzrə hərbi müttəfiqi olan Türkiyənin sərt etirazları ilə üzləşir.

Ancaq Ağ Evdə onu da tam dəqiqliyi ilə anlayırlar ki, Türkiyənin növbəti hərbi-siyasi hədəfi məhz PKK/PYD terror təşkilatı olacaq. Çünki PKK/PYD terror təşkilatı sıradan çıxarılmadan Türkiyənin milli təhlükəsizlik maraqları təmin edilə bilməz. Üstəlik, Türkiyənin ərazi bütövlüyünü israrla dəstəklədiyi Suriyanı PKK/PYD terror təşkilatından təmizləmədən bu ölkədə vahid dövlət modelinin bərqərar olması da mümkün deyil. Və bu baxımdan, Türkiyə-ABŞ münasibətləri hazırda taleyüklü sınaqdan keçməli olacaq.

Maraqlıdır ki, Rusiya və İranın Suriyanı tərk etməyə başlamasından sonra Bayden administrasiyası da bir müddət öncə ABŞ hərbi bazalarının bu ölkədən çıxarılmayacağını bəyan etmişdi. Ardınca Ağ Ev “demokratik qurum” adlandırdığı PKK/PYD terror təşkilatına qarşı hücumların olmasını istəmədiyini vurğulamışdı. Bundan cəsarətlənən PKK/PYD terrorçuları isə ABŞ-dan daha ciddi dəstək gözlədiklərini bildirmişdilər. Bunun qarşılığında Türkiyə ordusu PKK/PYD terror təşkilatına sarsıdıcı zərbələr endirməklə, sərt hərbi-siyasi reaksiya verdi. Və nəticədə Ağ Ev rəsmi Ankara ilə bu məsələ ilə bağlı “telefon diplomatiyası”na başlamaq məcburiyyətində qaldı.

Son məlumatlara görə, rəsmi Ankara Ağ Evin siyasi-diplomatik təzyiqləri qarşısında geri çəkilməyib. Əksinə, Türkiyə rəsmi dairələri səlahiyyət müddəti bitmək üzrə olan Bayden administrasiyası beynəlxalq hüquq və NATO üzrə müttəfiqlik mövzusunda çətin vəziyyətə salmağa nail olub. Ağ Evə xatırladılıb ki, ABŞ PKK/PYD terror təşkilatına qarşı mübarizədə Türkiyənin yanında yer almağa borcludur. Və nəticədə Bayden administarsiyası Türkiyənin terrorzimə qarşı mübarizədə həssaslığını nəzərə aldığını vurğulamaq məcburiyyətində qalıb.

Göründüyü kimi, son günlərini yaşayan və terrorçuları dəstəkləməklə, qalmaqal yaradan Bayden administrasiyası rəsmi Ankaranın siyasi-diplomatik təzyiqləri qarşısında nisbətən geri çəkilməli olub. Ona görə də, yaxın vaxtlarda PKK/PYD terror təşkilatına qarşı daha qətiyyətli zərbələrin endirilə biləcəyi qətiyyən istisna deyil. Üstəlik, PKK/PYD terrorçularının ABŞ-a bağladığı ümidlər isə ümumiyyətlə, boşa çıxa bilər.

Məsələ ondadır ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın son açıqlamaları PKK/PYD terror təşkilatı üçün sonun başlanğıcı anlamı daşıyır. Belə ki, Ağ Evin yeni sahibi ABŞ bazalarının Suiyadan çıxarılması ilə bağlı ötən prezidentliyi dönəmindən məlum olan mövqeyinə sadiq olduğunu biruzə verib. Prezident Donald Tramp açıq şəkildə bildirib ki, ABŞ hərbi bazaları PKK/PYD ucbatından Suriyada əbədi qala bilməz. Və bu, PKK/PYD terror təşkilatının Suriya ərazisində “dəfn mərasimi”nin başlandığını göstərir.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

Seçilən
17
2
musavat.com

2Mənbələr