Sabah YUNESKO-nun Baş Qərərgahında Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən Mahmud Kaşqarinin müəllifi olduğu “Divani-lüğət ət türk” bitikinin 950 illiyi keçiriləcək.
Modern.az xəbər verir ki, konfransda dünyanın tanınmış türkoloqları, beynəlxalq təşkilatların nümayəndələri Mahmud Kaşqarinin dünya leksikoqrafiyasına və dünya mədəniyyətinə bəxş etdiyi qiymətli töhfədən danışacaqlar.
Mahmud Kaşqarinin “Divani lüğət ət türk” bitikində 50 səltənətin, 63 şəhərin, 22 ərazinin, 49 əhalisi olan məkanların adı coğrafi məkan kimi qeyd edilib. Eyni zamanda insanların yaşadıqları və işlədikləri mədəni və məişət obyektləri, 106 məişət əşyasının adı, 62 növ palta, 53 toxuculuq alətinin adı, 58 döyüş –sursat növünün adı və 38 növ heyvandarlıq növü qeyd olunub. Bundan əlavə, Bitik-kitabda 758 şeir, 2667 atalar sözü kimi ədəbiyyat nümunələri də yer alıb. Bu da bitikin qədim və zəngin türk tarixini və söz çələngini özündə cəmləşdirdiyini göstərir.
Mahmud Kaşqarlı “Divani Lüğət ət türk”ü 25 yanvar 1072-ci ildə qələmə almağa başlayıb. XX əsrdə bu kitabı təsadüfən atılmış kitabların içərisindən İstanbulda kitabxanaçı Burxan Əfəndi tapıb, aşkara çıxarıb. Digər bir türk alimi Əli Əmərli Əfəndi isə kitabın qiymətini anladığından onu baha qiymətə alıb. Sonradan Əli Əmiri əfəndi İstanbulda Milli Kitabxana yaradıb.
2017-ci ildən etibarən YUNESKO “Divani Lüğət ət Türk” bitikini dünyanın Maddi İrs siyahısına yazıb. “İnsanlığın tarixi” adlı proqrama kitabın nəşri həvalə edilib. 2024-2025-ci illərdə isə YUNESKO-nun təklifi ilə kitabın 950 illik yubileyi münasibətilə silsilə tədbirlər nəzərdə tutulur.
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova deyib ki,YUNESKO-da keçiriləcək konfrans Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Türkmənistan, Macarıstan və digər ölkələrin alimlərini bir daha yaxından birləşdirəcək. Konfrans çərçivəsində eyni zamanda “Divani Lüğət ət türk” kitabının rus və Azərbaycan dilində edilmiş tərcümələri, böyük türkoloqun həyatından və yaradıcılığından bəhs edən sənədli film və sərgi də nümayiş etdiriləcək.