Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “Qıpçaqavəngdə olan kitablar Qıpçaq dilində, erməni əlifbası ilə yazılıb” adlı veriliş efirə gedib.
News24.az medianews.az-a istinadla xəbər verir ki, verilişdə Şörəyel mahalının Ərtik bölgəsindəki Qıpçaq kəndindəki vəngin, arman-türk xristian məbədinin saxtalaşdırılan tarixindən, Çar Rusiyasının əli ilə ermənilərin qıpçaq tarixinə sahib çıxmasından, erməni tarixçi və araşdırmaçıların bununla bağlı etiraflarından bəhs olunub.
Bildirilib ki, XIX əsrdə erməni vilayətinin yaradılması ilə Çar Rusiyası Mxitaristlərə erməni tarixini yazmağı tapşırıb. Türklər tenqriçi məbədlərini kilsələrə çevirib, duaları türk dilində ediblər. Erməni katolikosu etiraf edib ki, biz xristianlığı albanlardan 270 il sonra qəbul etmişik. XIX əsrdən başlayaraq ermənilər Qıpçaq və Alban kilsələrini dağıdıb, saxtalaşdırıb erməni abidəsi ediblər. “Qıpçağavəng” məbədlər kompleksində qıpçaq abidələrini dağıdıb, erməni kilsəsinə çeviriblər.
Qeyd olunub ki, 1850-ci ildə ermənilər vandallıq edərək Qıpçaq məbədi ənənəsini dağıdıb, Hariçvank, yəni qədim türk ritualları icra olunan yerdə xristian məbədi tikiblər. Erməni tarixçiləri etiraf edirlər ki, “Qıpçaq ermənisi” anlayışı uydurmadır, gerçəyi əks etdirmir. Yalandan “Erməni-qıpçaq” dedikləri xristianlığı qəbul edən qıpçaqlardır.
Diqqətə çatdırılıb ki, “Qıpçağavəng” monastrında olan kitablar qıpçaq dilində erməni əlifbası ilə yazılıb. Dünyada ilk “Qıpçaq kitabı” 1618-ci ildə qıpçaq dilində erməni hərfləri ilə çap olunub. Ermənilər gürcü çarı Tamaranın adından istifadə edib qıpçaq tarixini saxtalaşdırıblar.
Erməni araşdırmaçıların sözlərinə görə, Qıpçaq kəndində yaşayan ermənilər özlərini qazaxların törəməsi hesab edirlər. Ermənilər bu kəndə 200 il qabaq gəlib və vəngi qıpçaqlar tikiblər.
Xristian qıpçaqlarına haylar “dönmə” deməklə dəqiq sərhədləri müəyyən ediblər. Ermənilərə qarışan xristian qıpçaqlar türk adətləri ilə yaşayırlar.