2023-cü ildə Kanadada 15 300 nəfər evtanaziya (sağalmaz xəstəlikdən əziyyət çəkən insanları həyatdan məhrum etmək – red.) xidmətindən istifadə edib ki, bu da ölkədəki ölümlərin 4,7%-ni təşkil edib.
Oxu.Az BBC-yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin hesabatında bildirilir.
Qeyd olunur ki, evtanaziyaya müraciət edənlərin demək olar ki, hamısının (96%) təbii yolla öləcəyi proqnozlaşdırılıb. Qalan 4% uzunmüddətli xroniki xəstəlik səbəbiylə ölmək üçün tibbi yardımdan istifadə edib, lakin onların təbii ölümü qaçılmaz olmayıb.
Həyatına son qoymaq üçün köməyə müraciət edənlərin orta yaşı 77, ən çox rast gəlinən xəstəlik isə xərçəng olub.
Evtanaziyadan istifadə edənlərin təxminən 96%-i Kanada əhalisinin 70%-ni təşkil edən ağdərililər kimi müəyyən edilib. Bu qeyri-bərabərsizliyin nədən qaynaqlandığı bəlli deyil.
Xatırladaq ki, Kanada 2016-cı ildə evtanaziyanı qanuniləşdirib və o vaxtdan bu xidmət getdikcə populyarlaşır.