Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.
“Zəngəzurda ermənilər Azərbaycan radiolarını dinləyir” adlı süjetdə Bakıda keçirilən “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” adlı II beynəlxalq konfransdan, Prezident İlham Əliyevin tədbir iştirakçılarına ünvanladığı müraciətdə vurğuladığı məsələlərdən və erməni ekspertlərin fikirlərindən bəhs olunub.
Bildirilib ki, bu tədbir Qərbi Azərbaycan məsələsinə beynəlxalq diqqətin çəkilməsi və bu məsələnin beynəlxalq gündəmə daşınması baxımından mühüm addımlardan biri olub. Konfransın ən mühüm məqamlarından biri Prezident İlham Əliyevin iştirakçılara müraciətində vurğuladığı mesajlar idi:
“Ermənistan Qərbi Azərbaycan İcması ilə danışıqlara başlamalı və Qərbi azərbaycanlıların fundamental hüquqlarının bərpa edilməsi istiqamətində praktiki addımlar atmalıdır. Ermənistan xalqımıza məxsus tarixi-mədəni irsin dağıdılması, təhrif edilməsi ilə bağlı vəziyyətin monitorinqi məqsədilə UNESCO-nun faktların araşdırılması missiyasının səfərinə icazə verməli və bu sahədə əməkdaşlıq etməlidir”.
Diqqətə çatdırılıb ki, konfransda qəbul edilən yekun sənədi isə Qərbi Azərbaycanla bağlı növbəti beynəlxalq sənəd hesab etmək olar, çünki azərbaycanlıların öz yurduna qayıdış hüququnun təmin edilməsinin əks olunduğu sənədiə 51 ölkənin təmsilçiləri imzalayıb.
Süjetdə qeyd olunub ki, Prezident İlham Əliyevin rəsmi İrəvana ünvanladığı son tələbi – Qərbi Azərbaycan İcması ilə danışıqların aparılması Ermənistanda ciddi müzakirələrə səbəb olub.
Erməni ekspertlər hesab edirlər ki, Ermənistan hakimiyyəti gec-tez bu tələblə razılaşmalı olacaq:
“Minlərlə azərbaycanlı Ermənistana qayıdacaq və Azərbaycanla Türkiyə onların hüquqlarının müdafiəsini öz üzərlərinə götürəcəklər. Geri qayıdacaq azərbaycanlıların hüquqlarını qorumaq üçün mexanizmlər yaradılacaq və tədricən Ermənistana nəzarəti ələ alacaqlar. Azərbaycan onların təhlükəsizliyini öz qüvvələri ilə təmin etmək istəyir. Bu isə Azərbaycan və Türkiyə qüvvələrinin Ermənistana daxil olması deməkdir. Beynəlxalq hüququn tələbi olan Qərbi Azərbaycana qayıdış baş tutacaq. İstisna deyil ki, bu məsələ artıq sülh sazişi layihəsində müzakirə edilir, növbəti mərhələdə söhbət prosesin praktiki müstəvidə həyata keçirilməsindən gedir. Prezident İlham Əliyev də tələb edir ki, “Ermənistan İcma ilə danışıqlara başlamalı və Qərbi azərbaycanlıların fundamental hüquqlarının bərpa edilməsi istiqamətində praktiki addımlar atmalıdır. Artıq Zəngəzurda ermənilər Azərbaycan radiolarını dinləyir. “Hraparak” Zəngəzurda yaşayan ermənilərə istinadən yazır ki, Azərbaycan radioları təkcə sərhəddə yox, bölgənin dərinliklərində də dinlənilir”.
Sonda vurğulanıb ki, özümüzdən öncə səsimizin Zəngəzurda eşidilməsi həm də böyük qayıdışın tezliklə baş tutacağının zəngidir.