Bu həftəsonu daha bir derbi matçı bizi gözləyir.
Belə ki, İngiltərə Premyer Liqasında Mançesterin iki nəhəngi üz-üzə gələcək. 15 dekabrda "Mançester Siti" doğma meydanda "Mançester Yunayted"i qəbul edəcək. Bu prinsipial matç yerli vaxtla saat 20:30-da başlayacaq.
Bəs derbinin favoriti hansı komandadır?
Bununla bağlı futbol mütəxəssisi Aslan Kərimov Hit.az-a açıqlama verib. O bildirib ki, çox maraqlı derbi olacaq:
"Əslində, "Mançester Siti"nin bütün turnirlərdə bu qədər uğursuz çıxış edəcəyi qətiyyən gözlənilmirdi. Onların bu qədər çox məğlub olmaları komandanın daxilində nələrinsə düzgün getmədiyinin bir göstəricisidir".
Ekspert qeyd edib ki, "Mançester Yunayted"də də işlər yolunda getmir:
"Lakin onlar əzəli rəqiblərinə nisbətən daha yaxşı vəziyyətdədirlər. Sadəcə olaraq derbi vəziyyəti bir qədər dəyişdiririr. Yəni hansı problemlərin olmasından asılı olmayaraq, belə oyunlarda komandalar tam olaraq həmin matça fokuslanırlar".
Aslan Kərimov derbidə hansı komandanın qələbəyə daha yaxın olduğunu barədə proqnoz da verib:
"Derbidə "Mançester Siti" "Mançester Yunayted"ə nisbətən qazanmağa daha yaxın görünür. Mənə elə gəlir ki, "Mançester Siti" bu oyunda uğursuz seriyaya son qoyacaq. Hətta deyərdim ki, toparlanmaq üçün qələbə qazanmaq məcburiyyətindədirlər".
Pərviz