Busaat.az “Report”a istinadən xəbər verir ki, Azərbaycanın bu ölkədəki səfirliyinin təşkil etdiyi tədbirdə Rusiyanın tanınmış siyasi və ictimai xadimləri, Moskvada akkreditə olunmuş xarici ölkə səfirliklərinin və Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.
Gecənin qonaqları Ulu Öndər Heydər Əliyevin həyatının müxtəlif mərhələlərinə və çoxşaxəli fəaliyyətinə həsr olunmuş fotosərgi ilə tanış olublar.
Tədbiri giriş sözü ilə açan Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev qeyd edib ki, Azərbaycan dövlətçiliyinin dirçəlişi Heydər Əliyevin adı ilə bağlıdır: “Uca Allah Heydər Əliyevə parlaq hadisələr, qələbələr və nailiyyətlərlə dolu uzun siyasi ömür bəxş edib”.
Diplomat Heydər Əliyevin Azərbaycan SSR-in rəhbəri vəzifəsindəki uğurlarından danışıb və bu illəri respublikanın çiçəklənmə dövrü kimi xarakterizə edib.
R.Mustafayev vurğulayıb ki, bu uğurlar Heydər Əliyevin Moskvaya dəvət olunmasında və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edilməsində, ölkənin sosial, iqtisadi və ideoloji həyatının ən ciddi istiqamətlərinə rəhbərlik etməsində mühüm rol oynayıb: “Heydər Əliyevin Moskva beşilliyi, orada işlədiyi illər parlaq, nailiyyətlərlə dolu idi”.
Səfir xatırladıb ki, Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda hakimiyyətə qayıdışı ölkə tarixinin ən çətin və məsuliyyətli dövrünə təsadüf edib.
“Ölkəmiz müstəqilliyini itirmək və parçalanmaq təhlükəsi ilə üz-üzə idi. Heydər Əliyev qısa müddətdə vəziyyəti bərpa edə, iqtisadiyyatı, sosial sahəni sabitləşdirə bildi. Heydər Əliyev işğaldan azad edilmiş Qarabağı görmədi. Lakin onun tarixi missiyası qələbəmizin təməlini qoyması idi. Ölkənin hazırkı Prezidenti İlham Əliyev bu təməl üzərində də qələbə strategiyasını yaratdı və onu uğurla həyata keçirdi”, – diplomat vurğulayıb.