AZ

"Media savadlılığı geniş auditoriyaya xitab edəcək bir çalışma yöntəmidir" - EKSPERT DANIŞDI

""Media savadlılığı" əslinə qalanda geniş auditoriyaya xitab edəcək bir çalışma yöntəmidir". Bu sözləri SİA-ya açıqlamasında media eksperti Azər Həsrət deyib.

Azər Həsrət sözlərinə belə davam edib: "İndiki şəraitdə hər kəsə bəllidir ki, özəlliklə də sosial mediadan ciddi asılılıq var. İnsanlar məşğuliyyət növündən asılı olmayaraq media ilə bu və ya digər şəkildə təmasdadırlar və bu təmas da çox vaxt insanların yanılmasına, yanıldılmasına gətirib çıxarır. Bu yanıldılma da ona görə baş verir ki, media savadlılığı arzuolunan səviyyədə olmur. Ona görə də belə bir təşəbbüsün irəli sürülməsi yəni, media savadlılığının artırılması üçün cəhdlərin göstərilməsi əlbəttə ki təqdir olunmalıdır.

Media savadlılığı əslinə qalanda hər bir fərdin və ümumilikdə cəmiyyətin mediadan uyğun və düzgün şəkildə yararlanmasına əlavə dəstək hesab edilə bilər. Yəni, insanların bir kəsimi əlbəttə ki media ilə bağlı yetərincə bilgilidir, savadlıdır, onların elə də problemləri yaranmır. Amma dediyim kimi, sahəyə dəxli olmayan, özəlliklə də mediadan uzaq olan adamların əksəriyyətinin media ilə bağlı ciddi problemleri olur. Bu sadəcə informasiya məsələsində yanılmadan başlayıb, yaxud yanıltmadan başlayıb məhkəmə çəkişmələrinə qədər ciddi psixoloji qarşıdurmalara, fiziki zorakılıqlara qədər gedib çıxa bilir.

Media savadlılığının gərəkli səviyyədə olması isə bu məsələlərin önünü kəsməyə yardımçı olur. Yəni, media savadlılığı bu baxımdan məncə ciddi şəkildə dəyərləndirilməlidir və hər kəs əli çatdığı qədər media savadlılığı məsələlərinə töhfə verməlidir. Birincisi media savadlılığı sahəsində peşəkarlar bunun daha geniş yayılması təbliğində öz enerjisini sərf etməli, yardımçı olmalıdır. İkincisi isə media savadlılığı zəif və aşağı olanlar isə bu sahədə bilgilərini artırmağa çalışmalıdır və belə bir şəraitdə ortaya bir mənzərə çıxır. Yəni məlum və məşhur deyimdə olduğu kimi bilənlər bilməyənlərə anlatsın. Mənə elə gəlir ki, bilənlər bilməyənlərə nə qədər çox anlatsa bu məsələdə problemin çözümünə bir o qədər tez yaxınlaşacağıq".

https://medialiteracy.media.gov.az/

Ayşən Vəli

Seçilən
10
sia.az

1Mənbələr