AZ

"Hüquq və insan haqları ilə bağlı ictimai maarifləndirmə əsas prioritetdir" - İlqar Ağasiyev ilə MÜSAHİBƏ

Hüquq və İnsan Haqları İnstitutunun Mətbuat və Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri İlqar Ağasiyev QHT.az-a verdiyi müsahibədə ölkəmizdə hüquq və insan haqlarının qorunması sahəsində görülən işlər, ictimai maarifləndirmənin rolu və beynəlxalq əməkdaşlıqla bağlı ətraflı məlumat verdi. O, institutun fəaliyyəti, mətbuatla əlaqələr və qarşıdakı planlar barədə vacib məqamları vurğuladı.

 

QHT.az: İnstitutun insan hüquqlarının müdafiəsi və təbliği sahəsində həyata keçirdiyi əsas layihələr və təşəbbüslər hansılardır?

İlqar Ağasiyev: Təşəkkür edirəm sualınız üçün. Bu sahədə İnstitutumuz müxtəlif dövlət qurumları və beynəlxalq təşkilatlarla əməkdaşlıq edir və hüquqi maarifləndirmə istiqamətində əməli fəaliyyət göstərir. Əsas layihələrimiz hüququn müxtəlif istiqamətləri və mövzuları üzrə təlim proqramlarının, hüquqi maarifləndirmə tədbirlərinin həyata keçirilməsi, elmi-praktiki kommentariyaların və ekspert rəylərinin hazırlanması ilə əlaqədardır. 

Həmin fəaliyyətlərin bir neçəsi barədə daha ətraflı məlumat vermək istərdim. Daxili İşlər Nazirliyi ilə əməkdaşlıq çərçivəsində polis əməkdaşları üçün keçirilən təlimlərdə qanunvericilik və məhkəmə təcrübəsindəki dəyişikliklərin azadlıq hüququnun təmin olunmasında əhəmiyyəti, təcrübədə mövcud olan problemlər, onların həlli ilə əlaqədar tövsiyələr, qanunvericilikdə dəyişikliklərlə bağlı təkliflər əsas yer tutmuşdur.

Cəzaçəkmə müəssisələrində keçirilən təlimlərdə insan hüquqlarının qorunması və məhkumlarla davranış qaydalarına riayət olunması istiqamətində Penitensiar Xidmətin əməkdaşlarının bilik və peşəkarlığının artırılması kimi mövzular əsas yer almışdır. Təlimlərdə penitensiar müəssisə işçilərinin əmək funksiyalarını yerinə yetirərkən məhkumlarla vicdanlı rəftarı, məhkumlara qarşı davranış qaydalarına əməl edilməsi, onların sosial qayğılarının həll olunmasında yaranmış problemlərin aradan qaldırılması məsələləri geniş müzakirə olunmuşdur.

Eyni zamanda Bakı şəhərinin müxtəlif rayonlarında İcra Hakimiyyətləri əməkdaşlarının bilik və bacarıqlarının daha da artırılması məqsədilə, vətəndaşların müraciətlərinə baxılması, ayrı-seçkiliyə və süründürməçiliyə yol verilməməsi, şəffaflığın təmin edilməsi, dövlət qulluğu və korrupsiya ilə mübarizə mövzularında silsilə təlimlər keçirilib.

Elm və Təhsil Nazirliyi ilə birgə Bakı şəhərinin bir neçə orta məktəblərində aparılmış maarifləndirici tədbirlər barədə də qısa məlumat vermək istərdim. Tədbirlərin keçirilməsində məqsəd narkotiklərin cəmiyyətə, insanların sağlamlığına vurduğu ziyan və onların nəticələri barədə yeniyetmə və gənclərin məlumatlandırılması, bu istiqamətdə aparılan təbliğat işlərinin miqyasının genişləndirilməsi və ictimai fəallığın artırılmasından ibarətdir.

Beynəlxalq əməkdaşlığa gəldikdə isə, misal üçün, bu il BMT-nin Əhali Fondu ilə gender əsaslı zorakılıq və onunla effektiv mübarizə üzrə layihə həyata keçirilir. Layihənin həyata keçirilməsində məqsəd gender əsaslı zorakılıq halları ilə mübarizə metodlarının effektiv təşkili, sosial işçilərin və yerli icma nümayəndələrinin mövzu üzrə bilik və bacarıqlarını artırmaqla, məişət zorakılığı ilə mübarizədə aidiyyəti dövlət qurumları ilə əməkdaşlığı daha da gücləndirmək, o cümlədən məişət zorakılığı hallarının azaldılmasına töhfə verməkdir. Layihə çərçivəsində İnstitut tərəfindən Bakı, Abşeron-Xızı (Sumqayıt, Xırdalan, Xızı), Gəncə-Daşkəsən (Gəncə, Daşkəsən, Samux) və Qarabağ (Bərdə, Ağcabədi, Tərtər) İqtisadi Zonalarında “Gender əsaslı zorakılıq əleyhinə mübarizə” mövzusunda təlimlər həyata keçirilib və bu təlimlər hazırda davam edir.

 

QHT.az: İnsan hüquqları ilə bağlı əhalinin məlumatlılığını artırmaq üçün hansı maarifləndirmə tədbirləri həyata keçirilir?

İlqar Ağasiyev: Hazırda bu istiqamətdə ölkədə aparılan proqramların icrasında fəallıq nümayiş etdirən Hüquq və İnsan Haqları İnstitutu da ictimai-siyasi fikrin və hüquqi şüurun formalaşdırılmasında, hüquqi maarifləndirmənin ictimaiyyətə çatdırılmasında rəqəmsallaşmaya böyük önəm verir.

Qeyd edək ki, İnstitut 2022-ci ildən publik hüquqi şəxs kimi fəaliyyətə başladıqdan sonra, rəsmi veb səhifəsi üzərindən yeni texnoloji imkanlardan istifadə edərək insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində maarifləndirici məlumatları daha səmərəli, rahat və əlçatan şəkildə ictimaiyyətə çatdırmaq  üçün bir sıra baza sistemləri yaradıb. Bu baza sistemləri, müxtəlif hüquqi resurslara və məlumatlara çıxışı asanlaşdırmaqla yanaşı, vətəndaşların hüquqi biliklərini artırmağa yönəlmişdir.

Bunlarla yanaşı, İnstitut Azərbaycanda hüquq sahəsində nəşr olunan “Hüquq elmi jurnallarının vahid axtarış bazasını”, həmçinin hüququn müxtəlif sahələri və insan hüquqları üzrə ixtisaslaşan “Təlimçilərin vahid elektron axtarış bazasını” da istifadəyə verib. Bu axtarış bazaları həm hüquqşünasların tədris və tədqiqat fəaliyyətlərini asanlaşdırmağa, həm də elmi yenilikləri asanlıqla izləməyə imkan yaradır.

Şübhəsiz, mütəmadi yenilənən bu axtarış bazaları, hüquq sahəsindəki məlumatların daha əlçatan olmasını təmin edəcək, hüquqi maarifləndirmənin genişlənməsinə və cəmiyyətin hüquqi şüurunun formalaşmasına böyük təsir göstərəcək.

İnstitut qanunvericilik praktikasının təkmilləşdirilməsi proseslərinə töhfə vermək məqsədilə “Praktikaya aid siqnallar sorğusu (PASS) platforması” yaradıb. Platforma həm hüquqşünaslara, həm də geniş auditoriyaya qanunlardakı boşluqları aşkara çıxarmaqla yanaşı, qanunların tətbiqinə dair təkliflər vermək imkanı da yaradır. PASS platforması qanunların yaratdığı çətinlikləri və problemləri vaxtında müəyyən etməyə və bu sahədə daha doğru və şəffaf qərarların qəbul edilməsinə kömək etməyə dəstək verir.

İnstitut, hüquq ədəbiyyatlarını vahid bir bazada toplayaraq “Hüquq və insan haqları virtual kitabxanası”nı yaradıb. 1684 hüquqi vəsaiti olan bu kitabxana, istifadəçilərə müxtəlif hüquq sahələri ilə bağlı resurslara asanlıqla çıxış imkanı təqdim edir. 2023-cü ilin may ayından bu günə qədər virtual kitabxanadan  geniş auditoriya tərəfindən 500.000-dən çox yükləmə aparılıb. Eyni zamanda, İnstitut şəhər və regionlarda fəaliyyət göstərən dövlət qurumlarının və yerli strukturların əlaqə vasitələrini interaktiv bir xəritə üzərində əks etdirən “Rəqəmsal insan hüquqları resurs xəritəsi”ni də hazırlayıb. Xəritə, vətəndaşların, xüsusilə gənclərin hüquq xidmətlərinə daha rahat və sürətli şəkildə çıxışını təmin edir.

 

QHT.az: Son illərdə İnstitutun insan hüquqlarının inkişafı istiqamətində hazırladığı hansı sənədləri və nəşrləri qeyd edə bilərsiniz?

İlqar Ağasiyev: Nəşrlərə gəldikdə, son maraqlı nəşrlərin bəzilərini sadalamaq istərdim. Misal üçün: Üzeyir Məmmədovun “Silahlı münaqişələr zamanı və münaqişədən sonrakı vəziyyətlərdə insan hüquqlarının müdafiəsi: beynəlxalq hüquqi aspekt”, Vəfaddin İbayevin müəllifi olduğu“ Azərbaycan ədalət mühakiməsi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 20 illik baxış bucağında” və Asif Qədirovun müəllifi olduğu “Mülki hüquq: suallar və cavablar” kimi kitabları qeyd etmək olar.

Eyni zamanda nəzərinizə çatdırmaq istərdim ki, dekabrın 6-da “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa dair hazırlanmış elmi-praktiki kommentariyanın ilkin variantı geniş hüquq ictimaiyyətinə təqdim olunub. Bu sənədin məqsədi yalnız hüquqi normativlərə dair elmi-praktiki izahlar təqdim etmək deyil, həm də cəmiyyətdə, xüsusilə həbs yerlərində saxlanılan şəxslərin hüquqlarının qorunması istiqamətində ictimaiyyətin məlumatlandırılmasını təmin etməkdir.

 

QHT.az: Media vasitəsilə insan hüquqları mövzusunda ictimaiyyəti məlumatlandırmaq üçün hansı fəaliyyətlər təşkil olunur? Jurnalistlər üçün xüsusi təlim və seminarlar keçirilirmi?

İlqar Ağasiyev: Hüquq və İnsan Haqları İnstitutu mütəmadi olaraq ölkədə nifrət nitqi, ayrı-seçkilik, fərdi məlumatların icazəsiz açıqlanması, dövlət sirrinin pozulması və digər hallarla əlaqəli cari vəziyyətin müəyyən edilməsi ilə bağlı mediada yayılan xəbərlərin və məlumatların monitorinqini aparır.  Bununla yanaşı, İnstitut dövri mətbuatda paylaşılan xəbərlərdə insan hüquqlarının pozulması hallarının qarşısını almaq, gender və hüquq bərabərliyi üzərində qurulmuş mənəvi dəyərləri təbliğ etmək, cəmiyyətdə insan ləyaqətinə hörmətin zəruriliyini önə çəkmək, həmçinin jurnalistləri bu məsələdə daha da həssas olmağa təşviq etmək məqsədilə media mənsublarına maarifləndirici təlimlər keçirir. Bu istiqamətdə Medianın İnkişafı Agentliyi ilə birgə aparılan əməkdaşlığı xüsusilə vurğulamaq istərdim.

Azərbaycanda söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində jurnalistlərin töhfəsi böyükdür və onlarla sıx əməkdaşlıq münasibətlərindən hər zaman məmnunuq.

 

QHT.az olaraq müsahibəyə vaxt ayırdığı və dəyərli fikirlərini bölüşdüyü üçün İlqar Ağasiyevə təşəkkür edirik!

 

 

Pərvanə Fərhadqızı

QHT.az

Seçilən
5
2
qht.az

3Mənbələr