Ehtiyata keçirilən şəxslərin hərbi komissarlıqlarında tibbi müayinəyə cəlb edilməsinin yaş həddi azaldılır.
Tribunainfo.az xəbər verir ki, bu, Milli Məclisin Müdafiə, təhülkəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Hərbi vəzifə və hərbi xidmət haqqında” Əsasnaməyə dəyişiklikdə öz əksini tapıb.
Hazırda ehtiyata keçirilən şəxslər vaxtaşırı rayon (şəhər) hərbi komissarlıqlarında yaradılan tibbi müayinə komissiyalarında tibbi müayinəyə cəlb edilirlər. Bu halda hərbi və ya alternativ xidmət keçmədən xəstəliyinə görə ehtiyata keçirilmiş hərbi vəzifəlilər 35 yaşına çatanadək hərbi xidmət keçməyə yararlı sayıldıqda çağırışçıların uçotuna qaytarılır (Azərbaycan Respublikasının müvafiq qanunları ilə nəzərdə tutulmuş hallar istisna olmaqla) və onlar ümumi qayda üzrə müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
Dəyişikliyə əsasən isə 35 yaş həddi 30-a endirilir.
“Hərbi vəzifə və hərbi xidmət haqqında” Əsasnaməyə edilən dəyişikliklə, dinc dövrdə Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuların xidmətinin son yaş həddi də azaldılır.
Hazırda “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Qanununun 39-cu maddəsinə müvafiq olaraq dinc dövrdə Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları aşağıdakı son yaş həddinədək xidmət edirlər: müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları – 36,5.
Dəyişikliyə əsasən isə yaş həddi 31,5-ə endirilir.