"Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqları blokundan indiyədək Azərbaycan dövlətinə ümumilikdə 57 mlrd. kubmetrdən çox səmt qazı təhvil verilib.
Bu barədə “APA-Economics” layihənin operatoru olan BP şirkətinin bəyanatına istinadən xəbər verir.
Qeyd edək ki, AÇG-də hasil edilən səmt qazının bir hissəsi Azərbaycan dövlətinə təmənnasız olaraq verilir. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulur.
Bəyanata əsasən, bu günə qədər AÇG yatağından təxminən 4,4 milyard barel neft hasil edilib. Gələcəkdə yeni texnologiyalara və qurğulara davamlı iri sərmayələr və layların neftvermə əmsalının maksimuma çatdırılması istiqamətində digər səylər nəticəsində, bu dünya səviyyəli yataqdan hasilatın gələcək onilliklər ərzində də davam etməsi gözlənilir.
Bildirilir ki, hazırda AÇG-də 9 platforma – 7 hasilat platforması və 2 emal, qaz kompressiyası, suvurma və texnoloji platforma var. Bu platformalardan neft və səmt qazı Bakı yaxınlığında yerləşən, dünyanın ən böyük neft və qaz terminallarından biri olan Səngəçal terminalına nəql olunur.
Xatırladaq ki, AÇG üzrə saziş ilkin olaraq 20 sentyabr 1994-cü il tarixində imzalanıb. İlk neft Çıraq yatağından 7 noyabr 1997-ci il tarixində əldə edilib. O vaxtdan bəri AÇG yatağının işlənməsinə təxminən 45 milyard dollar investisiya qoyulub.
Bundan əlavə, 14 sentyabr 2017-ci il tarixində AÇG üzrə dəyişdirilmiş və yenidən işlənmiş hasilatın pay bölgüsü sazişi (HPBS) imzalanıb və bununla HPBS-nin müddəti 2049-cu ilə qədər uzadılıb. İlk neft Çıraq yatağından 7 noyabr 1997-ci il tarixində əldə edilib.
2024-cü ilin sentyabr ayında AÇG yatağındakı sərbəst təbii qaz (STQ) ehtiyatlarının kəşfiyyatı, qiymətləndirilməsi, işlənməsi və hasilatı ilə bağlı işləri irəlilətmək məqsədilə AÇG üzrə mövcud HPBS-nə yeni bir əlavənin imzalandığını elan etdik. Bu sənədə uyğun olaraq, SOCAR və AÇG tərəfdaşları hazırda STQ laylarının işlənməsi üçün növbəti fəaliyyətləri planlaşdırırlar. Bu işlərin bir hissəsi kimi hazırda iki prioritet laydan qaz hasil etmək məqsədilə ilkin quyu qazılır. Bu quyu olduqca əhəmiyyətlidir, çünki o, hasilat vasitəsilə qiymətləndirmə aparmağa da imkan verəcək ki, bunun əsasında da gələcək işlənmə planlarını qurmaq mümkün olacaq.