AZ

Azəri-Çıraq-Günəşli yatağında ümumi neft hasilatı 600 milyon tona çatıb

Azəri-Çıraq-Günəşli (AÇG) neft yatağından 600 milyonuncu ton neft hasil edilib.

“İki sahil” bp-nin yaydığı məlumata istinadla xəbər verir ki, ümumilikdə hasil edilmiş 600 milyon ton neft Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri və Qərb İxrac Boru Kəməri (QİBK) vasitəsilə Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə Səngəçal terminalından birbaşa dünya bazarlarına nəql edilib.

“Azəri-Çıraq-Günəşli yatağından 600 milyon ton neft hasilatına nail olunması Azərbaycanın enerji sektorunun davamlı uğurunu təsdiqləyən əhəmiyyətli nailiyyətdir. Bu əlamətdar hadisə, müasir Azərbaycanın qurucusu Ümummilli Lider Heydər Əliyevin uzaqgörən rəhbərliyi sayəsində mümkün olmuşdur. Heydər Əliyevin müdrik siyasəti 1994-cü ildə "Əsrin müqaviləsi"nin imzalanmasına yol açaraq ölkəmizin enerji müstəqilliyinin və iqtisadi rifahının təməlini qoymuşdur. AÇG-nin 30 illik yubileyini qeyd edərkən, SOCAR bu irsi davam etdirməklə enerji sektorunda yenilik və dayanıqlılığa töhfə verməyə davam edəcək”, - deyə SOCAR-ın prezidenti Rövşən Nəcəf bildirib.

bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz: “Bu tarixi hadisə AÇG yatağının 30-cu ilində əldə edilmiş növbəti nailiyyətdir. Biz qürur duyuruq ki, ümumilikdə 600 milyon ton neft təhlükəsiz, etibarlı və ətraf mühit baxımından məsuliyyətli əməliyyatlar nəticəsində əldə olunub. Bu nailiyyət AÇG-nin ölkəyə və bütün maraqlı tərəflərə verdiyi misilsiz töhfənin gözəl ifadəsidir. Bu, həmçinin AÇG-nin uğurunu fədakar əməkləri ilə təmin etmiş öz işinə sadiq minlərlə insanın, əsasən də Azərbaycanlı mütəxəssislərin inanılmaz zəhmətinin təcəssümüdür. Möhtəşəm fəaliyyətlərinə və əməliyyatların təhlükəsiz və etibarlı şəkildə həyata keçirilməsi öhdəliyinə davamlı olaraq sadiq qaldıqlarına görə bütün AÇG heyətinə, xüsusilə də əməliyyatlar qrupuna təşəkkürümü bildirirəm. bp-nin strategiyası bu günün enerji sistemlərinə - yəni AÇG kimi yataqların işlənməsinə, həm də gələcəyin enerji sisteminə sərmayə qoymaqdır. Operator kimi biz AÇG-nin qarşıdan gələn onilliklər ərzində də ölkəyə, Azərbaycan xalqına və tərəfdaşlarımıza töhfə verməsini təmin etmək üçün hökumət və SOCAR-la sıx işləmək öhdəliyimizə sadiqiq”.

Seçilən
5
11
ikisahil.az

10Mənbələr