Azərbaycan Respublikası Ali Məhkəməsinin yanında Elmi-məsləhət şurasının növbəti iclasının 2025-ci ilin fevralın 25-də keçirilməsi planlaşdırılır.
Ali Məhkəmənin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iclasda “İnzibati müqavilə və ondan irəli gələn mübahisələrə baxılmasının xüsusiyyətləri” mövzusu üzrə müzakirələrin təşkili nəzərdə tutulub.
Günümüzdə ictimai xidmətlərin dairəsinin genişlənməsi nəticəsində bəzi hallarda dövlətin öz resursları yetərli olmadığından həmin xidmətlərin həyata keçirilməsinin hüquqi və fiziki şəxslərə həvalə edilməsi təcrübəsinə daha tez-tez müraciət edilir. Bunun nəticəsi olaraq inzibati müqavilə institutunun inkişafı müşahidə edilir. İnzibati müqavilə inzibati orqanların inzibati fəaliyyətinin formalarından biri kimi təzahür edir. Belə müqaviləyə, bir qayda olaraq, ictimai xidmət missiyasının icrası və ya ictimai maraqları ödəmək üçün dövlət orqanı (inzibati orqan və ya publik hüquqi şəxs) ilə xüsusi şəxslər (xüsusi hüququn subyekti olan fiziki və hüquqi şəxslər) arasında bağlanılan müqavilə anlayışı verilir. İnzibati müqavilə xüsusi hüquq müqavilələrindən bir neçə əsas xüsusiyyətlərinə görə fərqləndirilir – inzibati orqanın üstün mövqedə olması, ictimai marağı təmin etmək məqsədilə bağlanması, spesifik hüquqi rejimə tabe olması, inzibati orqan tərəfindən birtərəfli qaydada dəyişdirilməsi imkanlarının mövcudluğu, müqavilə tərəflərinin assimetrik hüquq və vəzifələri və s.
Ölkəmizdə “İnzibati icraat haqqında” Qanunda inzibati müqavilələr inzibati fəaliyyətin forması kimi aşkar təsbit olunmasa da, məhkəmə təcrübəsində belə xarakterə malik müqavilələrin mübahisələndirilməsinə dair işlərə rast gəlmək mümkündür. Bu mənada son dövrlər inzibati müqavilə ilə bağlı məsələlər məhkəmə təcrübəsində aktual müzakirə predmetinə çevrilib.
Müzakirə ediləcək mövzunun əhəmiyyəti nəzərə alınaraq, bu sahələr üzrə ixtisaslaşmış hüquqşünas ekspertlər Elmi-məsləhət şurasının təşkil edəcəyi müzakirələrdə iştiraka dəvət olunur.
Elmi müzakirələrdə iştirak etmək istəyən hüquqşünas ekspertlərin 2025-ci il fevralın 10-dək advisoryboard@supremecourt.gov.az elektron ünvanına CV-lərini təqdim etmələri təklif olunur. Eyni zamanda, mövzu üzrə müzakirəyə çıxarılan suallara dair yazılı mülahizələrin təqdim edilməsi tövsiyə olunur. Elmi-məsləhət şurası tərəfindən seçiləcək ekspertlər iclasa ad-hoc üzvlər kimi dəvət ediləcəklər.