AZ

Samir Abasov Sumqayıt səfərində gərginlik yaradıb? - Elvin detalları gizlətmədi!

Premyer-liqada 16-cı turun maraqlı qarşılaşmalarından biri “Mehdi Hüseynzadə”də baş tutdu.

Samir Abasov “Neftçi”nin “sükanı arxasına” keçəndən sonra ilk dəfə sabiq komandasının, yəni “Sumqayıt”ın qonağı olurdu. Meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşan oyun sumqayıtlıların ürəyinə sanki “su səpdi”. Matçdan sonra “kimyaçılar”ın kapitanı Elvin Bədəlov “Futbol+”ə müsahibə verdi.

- “Neftçi” üzərində qələbəni şərh edərdin. Rəqib zəif çıxış etdi, yoxsa siz daha yüksək motivasiyalıydız?
- Çətin oyun oldu. Bilirdik ki, bizi asan oyun gözləmir. "Neftçi" həmişə flaqman olub. Bu yerdə olmasına baxmayaraq, həmişə adı üstündə - “Neftçi”di. Amma biz epizodlardan yaxşı istifadə edə bildik. Diqqətli oynadıq və qələbə qazandıq. Hər epizodda diqqətli olduq. Ona görə də sevincliyik. Motivasiya hər iki tərəfdə var idi.

- Hər iki tərəf turnir cədvəlinin ikinci “beşliy”ində qərarlaşıb. İndiki mövqeyinizi nəzərə alsaq, yalnız qələbəyə köklənmişdiz?
- Əlbəttə, biz də turnir cədvəlinə baxırıq. Bilirdik ki, bu oyunda udsaq, irəliləyə biləcəyik. Ona görə bu oyun bizə motivasiya idi. O fikirlə çıxmışdıq. Qışa qədər maksimum xallar toplasaq, ilk "beşlik"dən geri qalmasaq, inanıram ki, qışdan sonra daha yaxşı yerlər uğrunda mübarizə apara bilərik. 

- "Neftçi"yə qarşı oyunlar başqa ab-havada keçir. Bu oyunu fərqli edən məqamlardan biri də sabiq baş məşqçinizin komandasına qarşı meydana çıxmaq idi...
- "Neftçi" ilə oyunlarımız həmişə maraqlı olub. İstər Samir müəllim orda olsun, istərsə də olmasın - belədi. Şəxsən mən burda olduğum vaxtdan "ağ-qaralar”la oyunlarımız maraqlı keçir. Bilmirəm niyə, amma bu oyun da belə oldu. Yəni gərginliyi Samir müəllimlə bağlamazdım. Sadəcə, həmişəki kimi, bu oyun da maraqlı oldu. Sevindirici haldı ki, bu dəfə də bizim üstünlüyümüz və qələbəmiz ilə yekunlaşdı. 

- İkinci dövrə yekunlaşmaq üzrədi. Demək olar ki, mövsümə yaxşı başlamadız, baş məşqçi dəyişikliyi etdiz. İddianız dəyişib? Yoxsa Cavadovun "Sumqayıt"ı da yuxarı pillələri istəyir? 
- Bunu indi demək çətindi. Özümuz də turnir cədvəlinə baxırıq. Reallıq var. Yaxşı yerdə deyilik. Qışdan sonra nələrisə danışmaq olar. İndi yalnız son iki oyuna köklənməliyik. 

- Vaqif Cavadovun ilk premyer-liqa təcrübəsi olduğunu nəzərə alsaq, 7 oyuna 4 qələbə qazanmasını yaxşı nəticə saymaq olar. Onun "Sumqayıt"a gətirdiyi yenilik nə oldu? 
- Açıqlamağım düzgün olmaz. Əlbəttə, hər məşqçinin öz fəlsəfəsi var. O da çalışır ki, bildiklərini, təcrübəsini bizə versin. Biz də onları maksimum yerinə yetirməyə çalışırıq. Dəyişikliklər var. Bir qədər də vaxt lazımdı. İstədiyimiz kimi deyilik. İnanıram ki, daha yaxşı ola bilərik. 

- "Araz-Naxçıvan", "Turan Tovuz", "Zirə" və "Sabah" kimi iddialılar var. Sizin onlarla mübarizə aparmaq şansınız nə qədərdi?
- Bugünkü oyunu götürsək, heyətimizdə 4-5 oyunçu yox idi. Hazırda zədəlilər, cəzalılar var. İndidən artıq çətinlik çəkirik. Hələ yüksək pillələrdə yer alan komandaların gücündən danışmıram. "Sabah", "Turan Tovuz" və "Zirə"nin heyəti bizimlə müqayisədə genişdi. Amma ümumi baxanda həmişə kasad heyətlə oynayıb nəticə qazanmışıq. Ona görə özümüzə inanırıq. Gələcəkdə kimin harda olacağını izləyəcəksiz. 

- Kubokda da mərhələ adladız. Həm kubokda, həm də çempionatda mübarizəni fikirləşəndə hansı avrokuboklara sizi daha rahat çıxara bilər? 
- Nə gizlədim, çətin olacaq. Hər iki cəbhədə oynamalıyıq. Hər ikisində də hələ ki şansımız var. Ona görə əlimizdən gələni edəcəyik. Kuboku yaddan çıxarmırıq. Ağlımızdadı. Şanslarımız var, istifadə edəcəyik. 

- Turnir cədvəlinə baxanda kimin nə istədiyini artıq sezmək olur. "Sumqayıt"ın konkret hədəfi nədi?
- Hələ ki hədəf barədə danışmırıq. Çünki "qara zolaqdaydıq”. Yaxşı çıxış etmirdik. İlk hədəfimiz həmin zolaqdan çıxmaqdı. Qışdan sonra dəqiq hədəflərinizi rəhbərlik və məşqçilər ilə danışacağıq. Ümid edirəm ki, bundan yuxarı pillələrə yüksələcəyik. Komandama, futbolçularımıza inanıram. 

RÖYANƏ OĞUZ

Seçilən
16
football-plus.az

1Mənbələr