Azərbaycan türk xalqlarının irsini qorumaq, mədəniyyətlərini dünyaya tanıtmaq məqsədi ilə keçirilən tədbirləri yaxından dəstəkləyir.
Bu fikirləri "Far.Az"un yerli bürosuna Parisdə keçirilən “Dünyanın leksikoqrafiyada xəritələşdirilməsi: “Divanü Lüğat-it-Türk”ün 950-ci ildönümü” mövzusunda beynəlxalq konfransda iştirak edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun (BTMİF) prezidenti Aktotı Raimkulova deyib.
O, rəhbəri olduğu Fondun Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə təsis olunduğunu xatırladıb:
"Bu təşəbbüsə digər ölkələrin, habelə Qazaxıstan, Qırğızıstan, Türkiyə prezidentləri də dəstək olub. “Divanü Lüğat-it-Türk” bəşəriyyətə məxsus əvəzsiz unikal ədəbiyyat və incəsənət nümunəsidir və buna həsr olunan konfransın keçirilməsinə təşkilatçılıq etməyimiz bizim üçün çox əhəmiyyətlidir. BTMİF bu tədbirlə ilk dəfə olaraq UNESCO səviyyəsində təşkilatçılıq fəaliyyətinə imza atmış olur”.
“Mahmud Kaşğarinin “Divanü Lüğat-it-Türk” əsəri bütün dünyaya nümayiş etdirir ki, türk dövlətləri orta əsrlərdən bugünkü ərazilərdə mövcud olub. Bu gün bəzi özünü tədqiqatçı adlandıranlar türk dövlətlərinin qədimdə mövcud olduğunu rədd etməyə çalışır. Adıçəkilən əsər isə bütün dünyaya nümayiş etdirir ki, türk dövlətləri orta əsrlərdən bugünkü ərazilərində mövcud olublar, türk xalqları müxtəlif dialektlərin olmasına baxmayaraq türk dilində danışıblar.
Kitab orta əsrlərdə itirilmişdi və yalnız XX əsrdə İstanbulda tapılıb. Bu əsər istər türkoloq alimlər, istərsə də mədəniyyətşünaslar üçün böyük tapıntıdır. Nəşr alimlərə və tədqiqatçılara bundan sonra uzun illər türk xalqlarının mədəniyyət və irsini təbliğ etmək üçün kifayət qədər dəlil və sübutlu material verir”, - A.Raimkulova qeyd edib.