Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın Prezidenti vəzifəsinə seçilməsi münasibətilə Mixeil Kavelaşviliyə təbrik məktubu ünvanlayıb.
Məktubda «Azərbaycan-Gürcüstan əlaqələrinin tarixən dostluq və mehriban qonşuluq şəraitində yaşamış, bir-birinə daim dəstək olmuş xalqlarımızın iradəsindən qaynaqlandığını» bildirib.
“Belə möhkəm təməllər üzərində qurulmuş, qarşılıqlı hörmət və etimada əsaslanan ikitərəfli münasibətlərimizin bu gün hərtərəfli və müvəffəqiyyətlə inkişaf etməsi bizi sevindirir. İnanıram ki, ölkələrimizin və xalqlarımızın rifahı, regionumuzun sabitliyi və təhlükəsizliyinin təmin olunması, iqtisadi potensialının reallaşdırılması naminə dövlətlərarası əlaqələrimizin və strateji tərəfdaşlığımızın daha da möhkəmləndirilməsi və genişləndirilməsi istiqamətində birgə səylər göstərəcəyik”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.
Gürcüstan mətbuatı xəbər verir ki, Azərbaycan prezidenti Kavelaşvilini rəsmi şəkildə təbrik edən ilk dövlət başçısı olub.